“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçirilib

20-dən çox ölkədən 400-ə yaxın yerli və əcnəbi mütəxəssis ən son elmi yenilikləri müzakirə edib

 

Mayın 17-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konqresdə Dövlət Himni səsləndirilib, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin beynəlxalq konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub: “Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və tiblə bağlı məsələlərə böyük diqqət yetirildi. Ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıdıblar. Həmin o tələbələrdir ki, sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da səhiyyə, tibb elmi və tibb təhsilini diqqət mərkəzində saxlayırlar: “Müstəqil Azərbaycanda tibb və səhiyyə sahəsində bilavasitə ölkə rəhbərliyinin nəzarəti ilə çox vacib islahatlar aparılır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Tədris Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov deyib ki, vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Elmi-Tədqiqat Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda bu institutu yaratmaq o qədər də asan deyildi. Bu, məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı: “O dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı. Yaxşı xatırlayıram, 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı”.

Komitə sədri qeyd edib ki, bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu Öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində də Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri Kamran Musayev vurğulayıb ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ənənəyə çevrilməsi sevindirici haldır. Hər iki ildən bir keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur: “Azərbaycanın sürətli inkişafı nəticəsində bu gün təkcə Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi icra olunur”.

Çıxışlardan sonra konqres plenar sessiyalarla işini davam etdirib.

20-dən çox ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın, o cümlədən ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov və digər əməkdaşlarımızın iştirak etdiyi tədbir çərçivəsində iki gün ərzində 21 elmi sessiyada səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə olunub.

Həmçinin AÜDCC-nin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk dünyası ürək-damar cərrahiyyəsi birliyinin Zirvə toplantısı keçirilib.