Bu əlamətdar tarix 2008-ci ildə qalxanabənzər vəzi və onun xəstəlikləri ilə məşğul olan Avropa Tiroidologiya Assosiasiyasının (European Thyroid Association, ETA) təşəbbüsü ilə təsis olunub
Qalxanabənzər vəzi xəstəlikləri tez-tez təsadüf olunan patologiyalara aiddir. Belə ki, qalxanabənzər vəzin funksiyasının catmamazlığı ümumi populyasiyada 2%, 60 yaşından yuxarı əhali arasında 8% hallarda aşkarlanır. Qalxanabənzər vəzin düyünlü törəmələrinə böyük yaşlı əhalinin 30%-də təsadüf edilir. Ur - vəzin böyüməsinə ölkəmizin də aid olduğu yod defisiti olan ərazilərdə əhalinin 10-30 %-də rast gəlinir. Ümumilikdə Yer əhalisinin 1/3 hissəsi qalxanabənzər vəzin hansısa xəstəliyindən əziyyət çəkir.
Autoimmun tireoidit qalxanabənzər vəzin ən geniş yayılmış xəstəliklərindən biridir. Bu zaman orqanizmin özünə qarşı aqressiyası səbəbindən vəz hüceyrələrinə qarşı antitellər yaranır və adətən bir müddət sonra vəzin parenximası destruksiyaya uğrayır. Xəstəlik qalxanabənzər vəzi çatmamazlığı - hipotireoz ilə nəticələnir. Bu xəstəlik Haşimoto tireoiditi də adlandırılır. Bu, genetik faktor zəminində ətraf mühit təsirlərindən stumillaşan autoimmun xəstəlikdir. Genetik meyllilikdən başqa, viral infeksiyalar, tiroid antitellərin yaranmasını artıran bəzi dərmanlar (amiodaron, alfa interferon, interleykin-2), selenium çatmamazlığı, metallar və xronoki C hepatit, uzun müddət yod qəbulu kimi vəziyyətlər də autoimmun tireoiditin etiopatogenezində rol oynayır. Uşaqlar da daxil, hər yaşda rast gəlinə bilir. Lakin ən çox gənc və orta yaşlı qadınlar arasında aşkarlanır. Digər autoimmun xəstəliklərlə, ən çox da xroniki qastrit (2,8%), vitiliqo (2,7%), revmatoid artritlə (2,4%) bərabər rast gəlinir.
Adətən ağrısız ur ilə müşayiət olunsa da, böyümə olmayan hallara, bəzən hətta atrofik vəziyyətlərə də təsadüf edilir. İlkin aşkarlanmada xəstələrin 75%-də eutiroid, 25%-də subklinik və ya aşkar hipotiroid vəziyyət olur. Hər il subklinik xəstələrin 3-5%-i aşkar hipotireoz qrupuna keçir. Başlanğıcda TSH və antitel səviyyəsi nə qədər yüksək olarsa, aşkar hipotireozun meydana çıxması riski də o qədər yüksəkdir. Normal TSH və autoantitel varlığında tiroid funksional testlər 6-12 ay tezliyi ilə təqib olunmalıdır.
Nadir hallarda Haşimoto tireoiditi fonunda tireotoksikoza təsadüf edilir. Bu vəziyyət Haşitoksikoz adlanır. Xəstəliyin başlanğıcında TSH reseptorlarına qarşı antitellərin yaranması ilə əlaqədar meydana çıxır. Sonradan hipotireozla əvəzlənir.
Xəstələr sifətdə, əllərdə olan şişkinlik, çəkinin artması, dəri quruluğu, saçların kövrəkləşməsi və tökülməsi, qəbzlik, kəskin ümumi yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, yuxunun pozulması, yaddaşın zəifləməsi kimi şikayətlər edirlər. Bu vəziyyət orqanizmin bütün sistemlərinin fəaliyyətini pozur, həyati vacib funksiyaları zəiflədir. Həm qadınlarda, həm də kişilərdə reproduktiv funksiyaya təsir göstərir.
Gündə 1 dəfə lazımi dozada L-tiroksin qəbulu ilə idarə edilə biləcək bir vəziyyətin həyat keyfiyyətini aşağı salmasına imkan verməyək!
Könül İsmayılova,
II Daxili xəstəliklər kafedrasının assistenti, endokrinoloq