Bu infeksiyaların səbəb olduğu ən ağır nəticələrdən biri orqanizmin susuzlaşmasıdır
Çoxsaylı yoluxucu xəstəliklər arasında bağırsaq infeksiyaları mühüm yer tutur. Demək olar ki, hər bir insan həyatı boyu bu xəstəliklərə tutulur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün böyüklər və uşaqlar arasında 275 milyon diareyalı xəstəliklər qeydə alınır. Bunların çoxu 2-6 yaşında uşaqlar olur.
Hər il bu səbəbdən 600 mindən 1,5 milyona kimi insan ölür ki, bunun da 2/3 hissəsini uşaqlar təşkil edir. Bu xəstəliklərin sayı 30-dan çoxdur və əsasən həzm traktı zədələnir. Bağırsaq infeksiyalarının törədiciləri bakteriyalar (salmonellyoz qarın yatalağı, vəba və s.), bakteriyaların toksinləri (botulizm, stafilakokk toksinləri), viruslar (rotavirus, noravirus), protozoolar (amöbiaz, lambilyoz) ola bilər.
Bu xəstəliklərin törədiciləri xəstələrdən və infeksiya daşıyıcılarından nəcislə, qusuntu kütləsi və bəzən də sidiklə ətraf mühitə yayılır. Bu törədicilərin əksəriyyəti əlahiddə mövcud olma qabiliyyətinə malikdir. Uzun müddət torpaqda, suda, müxtəlif əşyalarda (qaşıqlar, qapı və mebel dəstəkləri və s.) qala bilirlər. Soyuqdan qorxmasalar da, nəm və isti yerlər onlar üçün daha əlverişlidir. Xüsusilə yay mövsümündə süd məhsullarında, ət qiyməsində, həmçinin suda sürətlə çoxalırlar.
Xəstəlik hər yerdə və bütün mövsümlərdə qeydə alınsa da, ən çox yay mövsümündə baş verir. Bağırsaq infeksiyasının törədiciləri insan orqanizminə ərzaq, su və ya çirkli əllərdən ağız yolu ilə daxil olur. Qaynadılmamış süd içərək dizenteriyaya, kremli tort yeməklə stafilakokk infeksiysına və toksininə, toyuq əti, toyuq yumurtası yeməklə salmonella infeksiyasına, qaynadılmamış su içməklə lambliya infeksiyasına yoluxmaq olar.
Mikroblar ağızdan mədəyə, sonra bağırsaqlara keçərək sürətlə çoxalır. Mikrobun orqanizmə düşdükdən 6-48 saata qədər əlamətsiz inkişaf dövrü olur. Xəstəliyin başlanğıcında kəskin respirator xəstəliyi xatırladan zəiflik, halsızlıq, iştahın azalması, bədən hərarətinin yüksəlməsi kimi əlamətlər olur. Bunlardan bir qədər sonra ürək bulanması baş verir, qarında tutmaşəkilli ağrılar, selik, irin, ya da qan qarışıqlı ishal müşahidə oluna bilər. Susuzluq, üşütmə də mümkündür. Eləcə də xəstəliyin simptomlarını mikrobun toksinlərinin orqanizmə mikrobsuz daxil olması da yarada bilər.
Bağırsaq infeksiyaları özünü kəskin qastrit (qusma, epiqastral nahiyədə ağrı), enterit (ishal), qastroenterit (qusma, ishal), kolit (nəcisdə qan, defekasiya aktında gücənmə), qastroenterokolit kimi göstərə bilər. Bağırsaq infeksiyalarının ən ağır nəticələrindən biri qusma və ya ishal nəticəsində orqanizmin susuzlaşmasıdır (dehidratasiya). Dehidratasiya kəskin böyrək çatışmazlığına, dehidratasion şoka kimi irəliləyə bilər.
Bağırsaq infeksiyalarını oxşar simptomlu digər xəstəliklərdən – qeyri-bakterial qida zəhərlənmələri (göbələk zəhərlənməsi), kəskin apendisit, miokard infarktı, pnevmoniya, uşaqlıqdan kənar boru hamiləliyindən fərqləndirmək lazımdır. Nəcis, qusuntu materialı, qida qalığının bakterioloji, toksikoloji müayinəsi aparılmalıdır. İnfeksiyanı aşkar etmək üçün polimeraz zəncir reaksiyasından istifadə edilə bilər. Seroloji reaksiyaların nəticəsi retrospektiv xarakter daşıyır. Bağırsaq infeksiyalarının müalicəsi mikrobun özünə, onun toksininə və dehidratasiyaya qarşı kompleks şəkildə aparılmalıdır. Bundan başqa, xəstələr pəhrizə əməl etməlidir və bağırsaq florası bərpa olunmalıdır. Xəstəliyə tutulmaq riskini azaltmaq üçün su qaynadılmış halda içilməlidir. Nəzərə almaq lazımdır ki, evlərə verilən içməli sudakı xlor qarışığı lambliya ilə yoluxmanın qarşısını ala bilməz. Tərkibində salmonella olan qidanın rəngi, qoxusu, tamı dəyişmədiyindən xüsusilə təhlükəlidir. Yumurta soyuducuda 1 ay qalarsa, salmonella mikrobları yumurta qabığından yumurtanın daxilinə - ağına və sarısına keçə bilir. Bundan əlavə, toyuq yumurtası salmonella ilə transoverial da yoluxa bilər. Buna görə də yumurta qaynadılaraq bişirilməlidir. Ərzaqları qablaşdırdıqda, onların təmasına yol vermək olmaz. Tərəvəz, meyvə axar su altında yuyulmalıdır. Yaxşı olar ki su qaynadılmış olsun. Yararlılıq müddəti bitmiş, istehsalçısı bilinməyən və şübhə doğuran qidalardan uzaq durmaq lazımdır.
Unutmayaq ki, ilk növbədə qida qəbulundan əvvəl əllər yuyulmalıdır. Bu sadə qaydalara əməl etməklə, özümüzü və ətrafdakıları bağırsaq infeksiyalarından xeyli dərəcədə qoruya bilərik.
Vahid Qəmbər,
III Daxili xəstəliklər kafedrasının dosenti