Noyabr ayının 12-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib. Klinikanın direktoru professor Surxay Musayev iclası açaraq 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə hər kəsi təbrik etdi, kollektivə fəaliyyətində uğurlar arzuladı. Direktor gündəliyə keçməzdən əvvəl Terapevtik və Pediatrik propedevtika kafedrasının professoru Yaqub Qurbanovu anadan olmasının 75 illiyi münasibətilə kollektiv adından təbrik etdi.
Baş həkim dosent Ramin Bayramlı çıxış edərək Klinikanın müalicə-diaqnostik fəaliyyəti ilə bağlı aylıq hesabatı diqqətə çatdırdı. Oktyabr ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə məlumat verdi, ambulator qəbulun aparılması zamanı müşahidə olunan bəzi nöqsanları diqqətə çatdıraraq aradan qaldırılması yollarını izah etdi.
Gündəlikdə olan ikinci məsələ ilə bağlı Klinikanın Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri dosent Əliyar Sultanov da öz növbəsində şöbənin 2015-ci ilin Yanvar-Oktyabr aylarındakı fəaliyyətinə dair hesabat ilə çıxış etdi. Cari ilin on ayı ərzində şöbəyə daxil olan və çıxan xəstələrin sayını, onların nozoloji strukturunu açıqladı. Daha sonra Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkimi uzman dr. Emil Qasımov şöbənin yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulduğunu diqqətə çatdıraraq mövcud olan müasir imkanlar, tətbiq olunan yeni müalicə protokolları haqqında geniş məlumat verdi. Ağır sepsislər zamanı yüksək nəticələr əldə etməyə imkan verən hemodiafiltrasiya metodunun imkanlarından danışdı. Məruzələrdən sonra Universitetin Daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri professor İ.İsmayılov şöbənin işini daha səmərəli etmək üçün tövsiyələrlə çıxış etdi. Tibbi şuranın iclası cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirdi.
Sonda Klinikanın direktoru professor Surxay Musayev müzakirələrə yekun vuraraq bir sıra şöbələrdə çalışan əməkdaşların müalicə-diaqnostik fəaliyyəti ilə bağlı tənqidi iradlarını bildirdi, baş həkimə və müvafiq kafedra və şöbə rəhbərlərinə individual araşdırmalar aparılması barədə tapşırıqlar verdi.