Universitetimizin idman həyatı daim diqqət mərkəzindədir. Bu dəfə sizə ATU-nun Tədris Cərrahiyyə Klinikasında daxili nəzarət xidmətində nəzarətçi kimi çalışan, öz işinə həmişə məsuliyyətlə yanaşan bir gəncin uğurlarından bəhs etmək istəyirik.
Məlumat üçün bildirək ki, haqqında söz açdığımız Şirxan Əsgərli dünyaya Kürdəmir rayonunun Şilyan kəndində göz açıb. İlk təhsilini Zahid Əhmədov adına Şilyan kənd tam orta məktəbində alan Ş.Əsgərli 2013-cü ildə Respublika Olimpiya İdman Liseyinə qəbul olunaraq peşəkar idman həyatına qədəm qoyub.
Həmin liseyi 2020-ci ildə bitirərək Bakı şəhər çempionatları, Respublika yarışları və digər mötəbər turnirlərə qatılan gənc idmançı dəfələrlə mükafatlandırılıb. Onun ən yaddaqalan uğurlarından biri isə 2019-cu ildə Belarusda keçirilən Yunan-Roma güləşi üzrə dünya çempionatında qazandığı gümüş medal və fəxri kubok olub.
2021-23-cü illərdə hərbi xidmətdə olan Ş.Əsgərli 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə baş vermiş lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib.
Hərbi xidmətdən sonra Yunan-Roma güləşi üzrə milli yığma komandanın tərkibində hazırlıq məşqlərinə başlayan Şirxan, bu sahədəki bilik və bacarığını gənc nəslə ötürmək məqsədilə Abşeron İdman Klubunda məşqçi-müəllim kimi də fəaliyyət göstərib.
2024-cü ildən etibarən daha bir idman növü – Kəmər güləşi üzrə milli komandaya seçilən Ş.Əsgərli, bu il Respublika turnirində 1-ci yerə layiq görülərək beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıb. Ötən il Türkmənistan və Tatarıstanda keçirilən dünya çempionatlarında da Azərbaycanı ləyaqətlə təmsil edib, xüsusilə Tatarıstanda keçirilən yarışda 3-cü yerin sahibi olaraq bayrağımızı dünya arenasında dalğalandırıb.