Bu günlərdə Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasında seminar keçirilib. Kafedranın əməkdaşları üçün nəzərdə tutulmuş seminarda universitetin Tibbi və bioloji fizika kafedrasının müəllimi, assistent Şəbnəm Hacıyeva “Süni intellekt vasitəsilə tibdə görüntülərin əldə olunması” mövzusunda məruzə ilə çıxış edib.
Ş.Hacıyeva bildirib ki, tibb daim inkişaf edən və yeni texnologiyaların inteqrasiyası ilə daha da təkmilləşən bir sahədir: “İnsan sağlamlığını qorumaq və xəstəliklərin müalicəsində yüksək effektivliyə nail olmaq üçün müasir yanaşmaların tətbiqi həkimlərin və tədqiqatçıların əsas məqsədlərindən biridir. Süni intellektin tibdə tətbiqini yeni yanaşma üsullarından hesab etmək olar”.
Məruzəçi burada əsas məqsədin süni intellektə əsaslanan görüntü tanıma sistemlərinin rentgen, MRT və USM kimi ənənəvi tibbi diaqnostik metodlarla müqayisədə diaqnozun düzgünlüyü, nəticə əldə etmə sürəti və təkrarlanabilirliyi baxımından effektivliyini və etibarlılığını empirik olaraq qiymətləndirmə olduğunu qeyd edib: “Süni intellektlə təchiz edilmiş tibbi robotlar cərrahiyyə əməliyyatlarında dəqiqliyi artırır. Qeyd edim ki, süni intellektin tibdə tətbiqi son illərdə səhiyyə sahəsində mühüm dəyişikliklərə səbəb olub”.
Süni intellektin tibdə tətbiqinin faydalarından söhbət açan məruzəçi, bu proses zamanı rast gəlinən çətinliklərdə də toxunub.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ş.Hacıyeva verilən sualları ətraflı cavablandırıb.