ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Klinik Diaqnostik Laboratoriya şöbəsi ilə birgə rezidentlər üçün “Kardioloji biomarkerlərin klinik əhəmiyyəti: ürək-damar xəstəliklərinin erkən diaqnostikası və proqnozlaşdırılmasında müasir yanaşmalar” mövzusunda seminar təşkil edib.
Tədbirin moderatoru və təşkilatçısı, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov seminarın mövzusu haqda iştirakçılara ətraflı məlumat verib və Klinik Diaqnostik Laboratoriyanın xəstələrə yüksək səviyyədə xidmət göstərməsi ilə yanaşı, həm də yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirdiyini bildirib. Qeyd edib ki, ürək-damar xəstəliklərinin erkən və dəqiq diaqnostikasında laborator göstəricilərin, xüsusilə kardioloji biomarkerlərin istifadəsi klinik qərarların keyfiyyətini artırır, spesifik müalicəyə yönəlməni sürətləndirir və nəticədə xəstəliklərin ağırlaşma riskini, həmçinin səhv diaqnostika və yanlış müalicə hallarını əhəmiyyətli dərəcədə azaldır.
Klinik Diaqnostik Laboratoriya şöbəsinin müdiri Leyla Həşimova çıxışında ürək-damar xəstəliklərinin diaqnostikasında və proqnozlaşdırılmasında istifadə edilən kardioloji biomarkerlərin klinik dəyərinin yalnız laborator texnologiyalardan deyil, həm də klinisist və laborator mütəxəssislər arasında olan effektiv əməkdaşlıqdan asılı olduğunu qeyd edib. Bildirib ki, kardioloji biomarkerlərin düzgün qiymətləndirilməsi yalnız analiz nəticələrinə deyil, həm də onların klinik mənasına əsaslanmalıdır.
Şöbənin II kurs həkim-rezidenti Aytən Abasova təqdim etdiyi mövzu çərçivəsində kardioloji biomarkerlərin klinik əhəmiyyəti, onların ürək-damar xəstəliklərinin erkən diaqnostikası və proqnozlaşdırılmasında rolu barədə ətraflı məlumat verib. Təqdimat zamanı müasir diaqnostik metodlar barəsində də söhbət açıb. O, kardioloji biomarkerlərin xəstəyə yanaşmada fərdi və risk əsaslı qərarların verilməsində necə istifadə olunduğunu, dinamik təqibin əhəmiyyətini, biomarkerlər arasında spesifiklik və həssaslıq fərqlərini izah edib.
Təqdimatın sonunda mövzuya uyğun hazırlanmış situasiya məsələsi seminar iştirakçılarına təqdim olunub, klinik ssenari əsasında iştirakçılar biomarkerlərin interpretasiyasını praktiki şəkildə müzakirə ediblər.