Nigar Mehdiyeva: Süd vəzi xərçəngi ilə mübarizə sahəsində əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq
İyulun 15-də Yeni Klinikada “Süd vəzi xərçəngi müalicəsində sübutlu təbabətin və multidisiplinar əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası, Tianjin Anti-Kanser Assosiasiyası, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Çinin Tianjin Tibb Universitetinin Xərçəng institutu və xəstəxanasının təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu ehtiramla yad edilib. Dövlət Himnimiz səsləndirildikdən sonra tədbiri Onkoloji Klinikanın baş həkimi, dosent Nigar Mehdiyeva açıb.
Baş həkim, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının kollektivi və Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının üzvləri adından konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri süd vəzi xərçəngi sahəsində qazanılmış qabaqcıl təcrübə və əldə edilmiş nailiyyətlər barədə iştirakçıları məlumatlandırmaqdır: “Bu baxımdan Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında elmi-tədqiqat, tibb və səhiyyə sahəsində qurulmuş əlaqələr böyük əhəmiyyət kəsb edir.
Ölkəmiz müstəqilliyini elan etdikdən sonra, 1992-ci ildən etibarən hər iki ölkə arasında hər sahədə geniş əməkdaşlıq və əlaqələr qurulub. Bu əlaqələr getdikcə daha da dərinləşir. COVİD-19 pandemiyası dönəmində Çin Xalq Respublikası ölkəmizə həm mütəxəssis, həm də tibbi ləvazimatların təchiz edilməsi baxımından dəstəyini əsirgəmədi”.
N.Mehdiyeva tədbirin mövzusu ilə bağlı bildirib ki, qadınlarda süd vəzi xərçəngi xəstəliklər arasında ilk yerlərdən birini tutur. Çinin qabaqcıl texnologiyalarının tibb sahəsində tətbiqi, süd vəzi xərçəngi ilə aparılan birgə mübarizə əməkdaşlığımızın daha da möhkəmlənməsinə, yeniliklərin meydana çıxmasına səbəb ola bilər.
ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan konfrans iştirakçılarını universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb. Qeyd edib ki, hər kəs bura elmi bilikləri bölüşmək, minlərlə insanın həyatına təsir edən süd vəzi xərçəngi ilə mübarizə aparmaq üçün toplaşıb: “Bu sadəcə bir elmi konfrans deyil, həm də həyat uğrunda mübarizəyə sadiqliyimizi göstərir. Son illər süd vəzi xərçəngi ilə mübarizə istiqamətində olduqca mühüm nailiyyətlər əldə edilib.
Bu gün konfransa toplaşan təcrübəli mütəxəssislərin sayəsində yeni yanaşmaları öyrənmək, faydalı fikir mübadiləsi aparmaq üçün böyük fürsət var. Süd vəzi xərçənginin müalicəsində erkən diaqnostika, qabaqcıl təcrübə, psixohəssas dəstək - bu konfransın əsas müzakirə mövzularından olacaq. Əminəm ki, burada səslənəcək elmi çıxışlar, aparılan müzakirələr süd vəzi xərçəngi sahəsində yeni yanaşmaların formalaşmasına təkan verməklə yanaşı, ictimai sağlamlıq üçün də ciddi bir çağırış olacaq”.
Yeni Klinikanın direktoru Barat Yusubov isə çıxışında hər kəsin faydalana biləcəyi çox zəngin bir proqramın təşkil olunduğunu söyləyib. Bildirib ki, Çindən ölkəmizə təşrif gətirən həmkarlarımızın aparacağı fikir mübadiləsi iştirakçılar üçün çox faydalı olacaq: “Süd vəzi xərçəngi sahəsi bizim də diqqətimizdə olan bir sahədir. Klinikamızda bu xəstəliklə üzləşən hər kəs sığorta çərçivəsində müalicə ala bilir”.
Çinin Tianjin Tibb Universitetinin Xərçəng institutu və xəstəxanasının vitse-prezidenti Şen Jun (canlı), adıçəkilən tibb müəssisəsi və Tianjin Anti-Kanser Assosiasiyasının prezidenti Hao Jihuin video-görüntülü çıxışlarında rəhbərlik etdikləri qurumun süd vəzi xərçəngi sahəsində apardığı mübarizə, əldə olunmuş nailiyyətlər və keçirilən konfransın əhəmiyyətindən söhbət açıblar. İki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB-in Təlim və Tədqiqatlar Departamentinin Tibb Müəssisələrində Təlimlərin İdarəolunması Şöbəsinin əməkdaşı Şəbnəm Qurbanova da öz çıxışlarında Çinlə Azərbaycan arasında tibb sahəsində aparılan elmi əməkdaşlığın və o cümlədən təşkil olunmuş konfransın mütəxəssislər və xalqımız üçün faydalı olacağını qeyd ediblər.
Sonra Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təsisçisi və prezidenti Həqiqət Vəliyeva çıxış edib. O, süd vəzi xərçəngi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, elmi araşdırmalar və fikir mübadiləsi aparılmasının vacibliyinə toxunub. Bildirib ki, konfransın əsas məqsədlərindən biri süd vəzi xərçənginin diaqnostikası, müalicəsi və qarşısının alınmasında son tədqiqatları, klinik təlimatları və texnoloji yenilikləri təqdim etmək, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün multidisiplinar yanaşmaları təşviq etməkdir.
Konfrans çərçivəsində Tianjin Anti-Kanser Assosiasiyası ilə Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası arasında, Tianjin Tibb Universitetinin Xərçəng institutu və xəstəxanası ilə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası arasında memoradumlar imzalanıb.
Daha sonra konfrans öz işini plenar iclaslarla davam etdirib. İştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılıb.