İyulun 19-da Hərbi Tibb Fakültəsinin tədris binasında rezidentlər üçün “Elmi məqalələrin yazılması və beynəlxalq konfranslarda tezislərin tərtibatı haqqında” mövzusunda seminar keçirilib.
Tədbirin moderatoru, Hərbi tibb fakültəsinin Tədris şöbə rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov iştirakçılara Milli Müdafiə Universitetində NATO-nun Müdafiə Təhsilinin Genişləndilməsi Proqramı (DEEP) çərçivəsində cari ilin 3-4 dekabr tarixlərində keçilməsi planlaşdırılan beynəlxalq konfrans haqqında məlumat verib və elmi-praktik konfransa təqdim olunacaq tezislərin hazırlanması qaydalarından danışıb.
Bundan sonra Hərbi Elmi Tədqiqat İnstitutunun Redaksiya şöbəsinin baş redaktoru polkovnik-leytenant Fərahim Eyvazov məruzə ilə çıxış edərək Milli Müdafiə Universitetinin elmi nəşrləri (Milli Təhlükəsizlik və Hərbi Elmlər, Hərbi Bilik, Hərb Elmi. Nəzəriyyə və praktik jurnallar) və hərbi təbabət istiqamətində hazırlanan məqalələr, beynəlxalq və respublika səviyyəli konfranslarda qəbul edilən tezislər haqqında məlumatları rezidentlərin diqqətinə çatdırıb. Milli Müdafiə Universitetində hərbi jurnallarda dərc edilən elmi məqalələrin növləri, elmi-praktik, elmi-nəzəri və icmal məqalələrin dərc olunma alqoritmi və nəşr prosesi ətraflı izah olunub.
Hərbi tibb fakültəsində təhsilini davam etdirən bütün rezidentlərə universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdıran Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov, akademik yazının həm rezidentlər, həm də ixtisaslı həkimlər üçün çox vacib olduğunu vurğulayıb. O, Hərbi tib fakültəsində savadlı və bacarıqlı mütəxəssislərin yetişməsi üçün dövlətimiz və Azərbaycan Tibb Universiteti tərəfindən hər cür şəraitin yaradıldığını deyib. Bu nöqteyi-nəzərdən rezidentlərin apardıqları elmi araşdırmaların əhəmiyyətini, eləcə də mövzuların aktuallığını qeyd edib.
Seminarda tezis və məqalələrin struktur bölmələri izahlı təhlil edilib, həmçinin rezidentlərin sualları cavablandırılıb.
Milli Təhlükəsizlik və Hərbi Elmlər və Hərbi Bilik jurnalına qəbul edilən elmi-praktik, elmi-nəzəri və icmal məqllərin tərtib edilməsinə dair tələblər haqqında geniş izahat verilib. Eyni zamanda hərbi təbabət istiqamətində olan beynəlxalq jurnalların nəşr olunma prosesində iştirak edən subyeklər (müəllif, redaksiya, rəyçi və nəşriyyat) haqqında Hərbi tibb fakültəsində təhsilini davam etdirən rezidentlər məlumatlandırılıb.
Məqalələrdə UOT (Universal Onluq təsnifatı) indeksi və DOİ (Digital Object İdentifier) izahı haqqında ətraflı müzakirə aparılıb. Elmi-praktik, elmi-nəzəri və icmal məqallərdə antiplagiat sistemi üzrə qaydallar haqqında da məlumat verilib və plagiatın bir neçə xüsusiyyəti, növləri izah edilib.
Seminarda Hərbi Tibb Fakültəsinin tədris şöbə rəisi, tibb xidməti polkovniki Vüsal Rüstəmzadə və Hərbi tibb fakültəsinin rezidentura bölməsinin zabiti, tibb xidməti mayoru Elxan Məmmədov da iştirak ediblər.