ATU-nun məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibi olub

İyulun 25-də ADA Universitetində beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

 Qaliblərin arasında Azərbaycan Tibb Universitetinin məzunu, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadənində adı var.

Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Prezidentin köməkçisi, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də, ekspertlər və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ramil Hüseynzadə 695 balla respublika ikincisi olaraq qəbul olunduğu universiteti 2017-ci ildə fərqlənmə diplomu ilə bitirib. O, rezidenturaya qəbul imtahanında yüksək nəticə göstərərək psixiatriya ixtisasına daxil olub.

2017–2025-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olan Ramil Hüseynzadə tibbi fənləri tədris edib. Eyni zamanda o, Türkiyədə Ondokuz Mayıs Universitetində ixtisasartırma kurslarında iştirak edib, həmçinin bir neçə tibbi konqresin təşkilatçısı olub.

Peşəkar fəaliyyəti ərzində müxtəlif səhiyyə müəssisələrində (Respublika Neyrocərrahiyyə Xəstəxanası, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Lənkəran şəhər Psixiatriya Xəstəxanasında) çalışıb. 2025-ci ilin iyun ayında məzunumuz Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi vəzifəsinə təyin olunub.