Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub
DİM aparat rəhbəri Vəfadar Misirov abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında geniş məlumat verib. V.Misirov ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb və qonaqlara Dövlət İmtahan Mərkəzinin təşəbbüsünə qoşulduqları üçün təşəkkür edib. Daha sonra o, media nümayəndələrinin sualları cavablandırılıb və sərgiyə baxış keçirilib.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb. Azərbaycan Tibb Universiteti stendi və burada təqdim olunan kitab və bukletlər ziyərətçilərin böyük marağına səbəb olub. ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva və həmin fakültənin “Tibb bacısı işi” ixtisası üzrə koordinatoru, dosent Fəxriyyə Məmmədova abiturientlərə universitetimizdə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, sərgi 30 iyul – 1 avqust 2025-ci il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Tədbir zamanı iştirakçılara DİM‑in mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaq imkanı verilib.