27 iyul – 1 avqust tarixlərində MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə bir qrup qazi jurnalistin Türkiyəyə səfəri təşkil olunub
Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, Vətən müharibəsi qazisi Məğrur Əliyevin də daxil olduğu Azərbaycan nümayəndə heyəti İstanbulda bir sıra görüşlər keçirib.
Jurnalistlər əvvəlcə Azərbaycan Mədəniyyət Evinin (AME) qonağı olublar. Görüşdən məmnunluğunu ifadə edən AME-nin rəhbəri Hikmət Elp ziyarətin əhəmiyyətini vurğulayıb, azərbaycanlı jurnalistlərin səfərinin iki ölkə arasındakı qardaşlıq münasibətlərinə növbəti töhfə olduğunu bildirib.
Növbəti görüş dünyaca məşhur Anadolu Agentliyində baş tutub. Qazilərimizi xoş sözlərlə qarşılayan agentliyin Strateji kommunikasiyalar və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Eren Erciyas qonaqlara media qurumunun tarixi, bu günkü fəaliyyəti, gələcək prioritetləri haqda geniş məlumat verib. Onun səsləndirdiyi rəqəmlər, o cümlədən müasir texnologiyalardan istifadə imkanları barədə dedikləri iştirakçıların böyük marağına səbəb olub.
"CNN Türk"də qonaqları qurumun Xəbərlər Departamentinin müdiri İdris Arıkan və Vətən müharibəsi dövründə hadisələrin mərkəzindən hazırladığı reportajlarla Azərbaycanda böyük populyarlıq qazanan, xalqımızın sevimlisinə çevrilən telejurnalist Fulya Öztürk qarşılayıb. Azərbaycanlı həmkarlarını öz iş yerində görməkdən məmnunluğunu bildirən F.Öztürk bu yaxınlarda növbəti dəfə Azərbaycanda olduğunu söyləyib, ölkəmizi öz vətəni kimi sevdiyini bir daha dilə gətirib. İ.Arıkan da öz növbəsində iki olkə media orqanlarının əməkdaşlığı, Türkiyə-Azərbaycan qardaşlığı fonunda media nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışıb.
Məşhur Demirören Xəbər Agentliyinə (DHA) ziyarət zamanı qonaqları səmimiyyətlə qarşılayan direktor Cemal Coşkun DHA-nın gördüyü işlər, prioritetləri, sosial mediadakı fəaliyyəti haqda geniş məlumat verib. Bu yaxınlarda Xankəndi şəhərində keçirilən lll Şuşa Qlobal Media Forumunun iştirakçısı olduğunu diqqətə çatdıran C.Coşkun Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycan mətbuatının fəaliyyətini yüksək qiymətləndirib.
"Türkiye Gazeteciler Cemiyyeti" və "Küresel Gazeteciler Konseyi"ndə keçirilən görüşlər də səmərəli olub, aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində jurnalistlər Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda qəbul ediliblər. Baş konsul Nərminə Mustafayeva 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyindən və əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışıb, müharibədə döyüşçü kimi iştirak etmiş media nümayəndələrinə minnətdarlığını çatdıraraq, şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Qazi jurnalistlər həm döyüşlərdəki, həm də informasiya cəbhəsindəki fəaliyyətlərindən söz açaraq, bu qələbənin bir parçası olmalarından qürur hissi keçirdiklərini bildiriblər.
Sonuncu görüş Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsində keçirilib. Qonaqları Vəqfin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak qarşılayıb. İki ölkə arasında qardaşlıq münasibətlərinin vurğulandığı, şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi görüşdə “Bir millət, iki dövlət” ruhu xüsusi hiss olunub.