Tələbələrimiz beynəlxalq yay düşərgəsində iştirak edib

Bu günlərdə Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə Qubada “Dayanıqlı inkişafa bir addım” adlı beynəlxalq yay düşərgəsi təşkil olunub

Düşərgəyə ölkəmizdə fəaliyyət göstərən bir sıra universitetlərin, o cümlədən Türkiyə, Qazaxıstan və Qırğızıstanın ali məktəblərində təhsil alan tələbələr qatılıb. Tanınmış təlimçilərin də iştirak etdiyi düşərgədə seminarlar ingilis dilində təşkil olunub, iqtisadi, sosial və maddi problemlərin həllinin araşdırılması üçün komandalar yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

Azərbaycan Tibb Universitetindən düşərgəyə beş tələbə - Emin Cəfərli, Səfiyyə Qazilova, Zülfiyyə Məmmədli, Fərhad Bayramov və İlhamə Namazova qatılıb. Onlar öz fəallıqları ilə seçilib, fikir və ideyalarını iştirakçılarla bölüşüblər.

Seminar zamanı M.Topçubaşov adına Elmi Mərkəzin tədqiqatçıları Simona Scotti, Gülxanım Məmmədova, Bakı Dövlət Universiteti rektorunun müşaviri Asiman İlyasov, ASA-nın tədris işləri üzrə prorektor müşaviri Zərifə Kamilova, baş müəllim Əli Muradov, ilk dəfə Everest zirvəzini fəth etmiş azərbaycanlı xanım Vəfa Musayeva, 2024 Olimpiya Oyunlarının iştirakçısı Yaylagül Ramazanova, dünya və ikiqat olimpiya çempionu Richard Trautman və mayor, Vətən müharibəsi qazisi, paralimpiya idmançısı Polad Rzayevin çıxışları maraqla dinlənilib.

Tələbələrimizin təklifi ilə voleybol yarışı keçirilib. E.Cəfərli oyun boyunca “Təbib” voleybol komandasında öyrəndiyi bacarıqları sərgiləyərək digərlərindən fərqlənib. “Kahoot” yarışında isə İ.Namazova bütün suallara doğru cavab verərək qalib olub.

Rəqs gecəsində Z.Məmmədli “Uzun dərə” rəqsi ilə əcnəbiləri heyran edib. G.Məmmədova və S.Qazilovanın gender bərabərsizliyi ilə bağlı məruzələri iştirakçıların marağına səbəb olub. 

Müsabiqənin sonunda ATU-nun komandası birinci yerə layiq görülüb və üzvlərə hədiyyələr təqdim olunub.

Düşərgə iştirakçılarına sertifikatların verilməsi mərasimində ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov çıxış edib.