Azərbaycan Tibb Universitetində əcnəbi tələbələrin qəbulu davam edir

Əcnəbi vətəndaşların Azərbaycan Tibb Universitetinə (ATU) qəbul prosesi davam edir

 ATU-nun Əcnəbi təhsilaslanlarla iş üzrə dekan, dosent Natiq Bayramovun sözlərinə görə, universitetə xarici vətəndaş qəbulu Təhsil Nazirliyinin vahid elektron sistemi – portal.edu.az vasitəsilə həyata keçirilir. İyul ayından etibarən portal aktivdir və əcnəbi tələbələr artıq sistem üzərindən qeydiyyatdan keçərək sənədlərini təqdim edirlər”.

ATU-nun rektoru, professor Gəray Gəraybəylinin əmrinə əsasən, əcnəbi tələbələrin sənədlərinin yoxlanılması və onların müsabiqə əsasında seçilməsi üçün xüsusi komissiya yaradılıb. Komissiya mütəmadi olaraq onlayn formatda müsabiqələr təşkil edir və tələbələr həmin müsabiqələrdə iştirak edirlər.

Qəbul prosesi iki istiqamət üzrə aparılır: hazırlıq bölməsi və birbaşa birinci kursa qəbul. Hazırda hər iki istiqamət üzrə sənəd qəbulu davam edir. Birinci kursa tələbə qəbulu sentyabr ayının ilk həftəsinə qədər davam edəcək. Hazırlıq bölməsinə qəbul isə dekabr ayının sonunadək aparılacaq. Bu bölmə üzrə dərslərin başlanması 2026-cı ilin yanvar ayına planlaşdırılır.

 Dekan N. Bayramov həmçinin müsabiqədən uğurla keçərək qəbul statusu almış tələbələrin məlumatları portal sistemində qeyd olunduğunu da vurğuladı: “Qəbul statusu almış tələbələrin məlumatları portal sistemində qeyd olunur və həmin tələbələr universitetə gələrək tələb olunan sənədləri Əcnəbi Tələbələrlə İş üzrə Dekanlığa təqdim edirlər. Sənədlər təsdiqləndikdən sonra tələbələr rəsmi şəkildə universitetin tələbəsi hesab olunur və müvafiq qruplara yerləşdirilirlər”.

Qeyd edək ki, birbaşa birinci kursa qəbul olunmuş tələbələr üçün dərslər sentyabrın 15-dən başlayacaq.