ATU rektoru Gəray Gəraybəyli Türkiyə təqaüd proqramına qəbul alan tələbələrlə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyə təqaüd proqramına qəbul alan tələbələrlə görüşüb

Görüş zamanı rektor  bu yüksək nəticə münasibətilə tələbələri təbrik edərək, bu təqaüd proqramına layiq görülmələrinin onlar üçün həm qürur, həm də böyük məsuliyyət olduğunu bildirib: “Sizləri təbrik edirəm. Türkiyə Universitetlərinin ayırmış olduğu bu təqaüd proqramına düşməyiniz sizin gələcək fəaliyyətinizdə çox önəmli olacaq. Bildiyiniz kimi sənəd göndərən tələbə sayı çox idi. Sizlər ümumi ortalama ballarınızla Türkiyə universitetləri tərəfindən bu proqram üçün seçilmisiz. Bu böyük fərqlilikdir”.

Qeyd edək ki, II Müalicə-profilaktika fakültəsinin III kurs tələbələri Zeynəb Axundzadə, Şəms Yusifli, lV kurs tələbəsi Mehriban Orucova Türkiyənin İstanbul – Cərrahpaşa Universitetində, İctimai Səhiyyə fakültəsinin III kurs tələbəsi Yusif Əliyev, Əczaçılıq fakültəsinin III kurs tələbəsi Emili Qasımova Hacettepe Universitetində, Stomatologiya fakültəsinin IV kurs tələbəsi Kəlbi Kəlbiyev Ege universitetində payız semestrı ərzində təhsil alacaqlar.

Görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Tədris Depatamentinin rəhbəri, dosent Kamandar Yaqubov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqova, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova, Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Aynur Abduləliyeva iştiak ediblər.