Əməkdaşımız NATO tərəfindən təşkil olunan kursda iştirak edib

Hərbi tibb fakültəsinin baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov 31 avqust – 5 sentyabr tarixlərində Almaniya Federativ Respublikasının Oberrammergau şəhərində yerləşən NATO Məktəbinin “Birgə tibbi planlaşdırma” kursunda (Joint Medical Planner Course - JMPC) iştirak edib

Bu məktəb NATO və tərəfdaş ölkələr üçün strateji və əməliyyatlar səviyyəsində təlimlər təşkil edən aparıcı hərbi tədris müəssisəsidir. JMPC NATO və tərəfdaş ölkələrin hərbi və ya mülki tibbi planlaşdırıcılarını hazırlamaq üçün nəzərdə tutulub.
Kursda NATO əməliyyatlarında tibbi planlaşdırmanın effektiv şəkildə icra olunmasına dair nəzəri və praktik əsaslı təlim keçirilib, NATO-nun tibbi dəstək və tibbi planlaşdırma prosesi, beynəlxalq tibbi planlaşdırma təcrübəsi haqqında ətraflı nəzəri və praktik məlumatlar verilib. Tibbi evakuasiya zənciri və tibbi kəşfiyyat real ssenariləri əsasında praktik məşqlər və planlaşdırma tapşırıqları həyata keçirilib.

Proqram NATO və tərəfdaş ölkələr arasında ortaq tibb xidmətinin təşkili və tibbi planlaşdırmanın prosedurlarının gücləndirilməsinə hədəflənib. Əsasən NATO-ya üzv və tərəfdaş olan ölkələrin hərbi və mülki tibb personalının qatıldığı kursda NATO-da hərbi tibbi idarəetmənin prinsipləri və hərbi tibb xidmətinin fəaliyyətinin planlaşdırlmasına olan tələblər haqqında təqdimatlar keçirilib. Həmçinin real olaraq hərbi tibbi-taktiki vəziyyətin qiymətləndirilməsi və qoşunların tibbi təminatının planlaşdırlması məşqləri baş tutub. Hərbi tibbi planlaşdırmanın məzmunu və tərtib edilməsi, müxtəlif coğrafi relyef şəraitində döyüş əməliyyatlarının tibbi təminatının təşkili xüsusiyyətləri, statistik tədqiqatların hərbi tibbi planlaşdırmaya tətbiqi qaydaları təhlil edilərək izah olunub.

Qeyd edək ki, 4 moduldan ibarət kursun əsas məqsədi NATO-da hərbi tibb xidmətinin fəaliyyətinin və təminatının planlaşdırılması, planın məzmunu və tərtib edilməsi xüsusiyyətlərinin öyrədilməsidir.

Əməkdaşımız Azərbaycan Ordusunda tibb xidmətinin təşkil edilməsi, daha da təkmilləşdirilməsi və perspektivlər haqda məlumatları diqqətə çatdırıb. Kursun sonunda müvəffəqiyyətlə iştirak edənlərə NATO-nun beynəlxalq sertifikatı və xatirə fotosu təqdim olunub.