Azərbaycan Tibb Universitetində yeni tədris ilinə hazırlıqla bağlı kafedralara baxış keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev və universitet rəhbərliyinin digər nümayəndələri yeni tədris ilinə hazırlığın gedişini qiymətləndirmək məqsədilə kafedralarda baxış keçiriblər

Baxış zamanı universitetin müxtəlif tədris binalarında yerləşən kafedraların fəaliyyəti ilə tanış olunub, tədris mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəzərdən keçirilib. Akademik heyətlə keçirilən görüşlərdə müəllimlərin yeni dərs ilinə hazırlıq səviyyəsi, tələbələrin tədris prosesinə daha səmərəli şəkildə cəlb olunması üçün görüləcək tədbirlər müzakirə olunub.

Görüş çərçivəsində professor Anar Ağayev qarşıdakı hədəf və vəzifələr barədə ətraflı məlumat verib. O, ATU-da tədrisin keyfiyyətinin artırılması, müasir təhsil texnologiyalarının tətbiqi, tələbələrin bilik və bacarıqlarının inkişafına yönəlmiş addımların vacibliyini qeyd edib.

Təsərrüfat məsələləri üzrə prorektor İlqar Mehrabov isə universitetin maddi-texniki bazasının gücləndirilməsi, tədris binalarının və auditoriyaların yeni dərs ilinə hazırlıq vəziyyəti barədə rəhbərliyi və görüş iştirakçılarını məlumatlandırıb. O, həmçinin görülən işlər, həyata keçirilən yeniliklər və qarşıdakı planlar haqqında geniş məlumat təqdim edib.

Azərbaycan Tibb Universitetində keçirilən bu cür görüşlər ənənəvi xarakter daşıyır və tədris prosesinin daha da təkmilləşdirilməsinə xidmət edir.