Patoloji fiziologiya fənni üzrə bir sıra dərsliklərin mövcudluğuna baxmayaraq, tibb təhsili sisteminin Avropa təhsilinə inteqrasiyası, tədris proqramlarında dəyişikliklərin aparılması, patofiziologiya sahəsində əldə olunan elmi yeniliklərin tədris prosesinə daxil edilməsi yeni dərsliklərin hazırlanmasına zərurət yaradıb
Yeni tədris ilində Patoloji fiziologiya kafedrasının professor-müəllim heyəti tərəfindən bütün fakültələr üzrə hazırlanmış dərslik və dərs vəsaitlərinin yeni nəşrləri işıq üzü görüb. Müalicə və Hərbi tibb fakültələri üçün nəşr olunmuş “Patoloji fiziologiya I və II hissə” (968 səhifə) dərsliyi ATU-nun yeni tədris proqramı əsasında yazılıb və onu tam əhatə edir. Dərslikdə ümumi və xüsusi patofiziologiyanın əsas məsələləri ətraflı şəkildə izah olunub, yeni məlumatlarla zənginləşdirilib.
“Praktik məşğələlərə dair klinik-patofizioloji aspektlər” adlı digər dərs vəsaiti patoloji fiziologiya fənni üzrə keçirilən praktik məşğələlərin aparılması üçün nəzərdə tutulub. Bu dərs vəsaitinin üstün cəhətlərindən biri kitabda hər bir mövzu üzrə klinik-patofizioloji aspektlərin verilməsidir. Belə ki, müxtəlif orqan və sistemlərin patologiyası zamanı tətbiq olunan müasir laborator və funksional müayinə metodları öz əksini tapıb.
Kafedranın seçim fənni üçün nəzərdə tutulan yeni nəşri “Klinik patofiziologiya” adlı dərslikdir. Kitabda xəstəliklərin klinik-laborator diaqnostikası ən müasir məlumatlara və üsullara istinad edilərək təqdim olunub. Dərslik klinik-laborator müayinələr əsasında xəstəyə düzgün diaqnoz qoymaq, eləcə də xəstəliklərin formalarını ayırd edə bilmək, onu düzgün qiymətləndirmək imkanı yaradır.
Qeyd edək ki, 2023-cü ildə Stomatologiya və Əczaçılıq fakültələri üçün Azərbaycan dilində “Patoloji fiziologiya” dərsliyi nəşr olunmuşdu. Bu fakültələrdə xarici tələbələr də təhsil aldığı üçün onların patoloji fiziologiyanı dərindən və asanlıqla mənimsəməsi məqsədilə həmin dərslik ingilis dilinə tərcümə olunub.