Qoşqar İsmayılov: “Yuxu rejimi normaldırsa, immun sistemi, immun sistemi normaldırsa, uşaq sağlamdır”
“Hər il payız mövsümündə - sentyabr, oktyabr, noyabr aylarında infeksion xəstəliklərin, yəni törədicisi virus olan xəstəliklərin artma riski yüksəlir. Bu da ilk növbədə yay aylarında istirahətdə olan, açıq havada daha çox zaman keçirən məktəbli uşaqların, tələbələrin payız aylarında qapalı məkanlara qayıtması ilə əlaqədardır”. Bu fikirləri ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri, II Uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr Qoşqar İsmayılov “Təbib” qəzetinə danışarkən bildirib.
Onun sözlərinə görə, qapalı yerlərdə uşaqlardan biri xəstə olanda xəstəlik digərlərinə də sürətlə yayılır: “Bu səbəbdən avqust ayında az rast gəlinən xəstəliklər sentyabrın ortalarında, oktyabrda özünü daha çox büruzə verməyə başlayır. Bunun bir səbəbi də payız mövsümündə virusların aktivləşməsi, eyni zamanda immun sistemi zəif olan uşaqların yay mövsümündə yaxşı qidalanmamasıdır. Vitaminli meyvələrdən az istifadə edənlər də asanlıqla infeksion xəstəliklərə yoluxur və başqalarını yoluxdururlar”.
Payız aylarında ən çox görünən virus infeksiyalarının qrip və paraqrip virusları olduğunu deyən həkim-pediatr qeyd edib ki, bu viruslar adından da göründüyü kimi, uşaqlarda kəskin respirator xəstəliklər yaradır: “Bu xəstəliklər özünü burun axıntısı, burunda qaşınma, tək-tək quru öskürəkdən bəlğəmli öskürəyə keçməklə göstərir. Əgər nəsildə, ailədə, uşağın özündə allergiya varsa, o zaman allergik bronxit formasında da ortaya çıxa bilər. Gedişatdan asılı olaraq yüksək hərarət də müşahidə edilərsə, mütləq şəkildə həkimə, xüsusilə poliklinika pediatrlarına müraciət etmək lazımdır. Müayinə zamanı virus problemi ortaya çıxarsa, ilk növbədə bunun qarşısını almaq üçün simptomatik antivirus preparatlarından istifadə olunmalıdır. Xəstənin immun sistemi zəifdirsə və üstəlik də vaxtında üzərinə düşülməzsə, bakterial prosesin də işə qoşulması ilə vəziyyət daha da ağırlaşar. Xəstəlik bakterial bronxit, pnevmoniya mərhələsinə keçə bilər ki, bu da sətəlcəm olan uşağın xəstəxanaya düşməsi ilə nəticələnər”.
Belə halların qarşısını almaq üçün vaxtında həkim-pediatra müraciət etməyin vacibliyini söyləyən Q.İsmayılov, ilk növbədə profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb: “Mən hər zaman sosial şəbəkələrdə, maarifləndirici televiziya verilişlərində bütün valideynlərə üzümü tutub deyirəm ki, profilaktika çox önəmlidir. Körpə uşaqlarda profilaktik peyvəndlərin aparılması ilə yanaşı, yuxu rejiminin normal olması və düzgün qidalanma xüsusi önəm daşıyır. Daha kiçik uşaqlar 10-12 saat, məktəbli uşaqlar isə 8-10 saat yatmalıdır. Yuxu rejimi normaldırsa, immun sistemi də normaldır. İmmun sistemi normaldırsa, uşaq sağlamdır. Qidalanmada isə təbii qidalara üstünlük verilməlidir. Yay mövsümündə olan meyvələr, təbii vitaminli qidalar çox faydalıdır. Hər bir meyvədə və tərəvəzdə müxtəlif vitaminlər və minerallar var. Çalışıb ev yeməklərindən istifadə etmək, “fast-fud” və ya “əlüstü yemək”lərdən uzaq durmaq lazımdır. Belə olduqda təbii ki, uşaqlar sağlam böyüyəcək, xəstələnməyəcək, həkimə yalnız profilaktik məqsədlə müraciət ediləcək. Unutmayaq ki, sağlam övladlar bizim cəmiyyətin sağlam gələcəyidir”.