Bakıda ilk Azərbaycan-Türkiyə Diabet Günləri keçirilib

6-7 sentyabr 2025-ci il tarixlərində Bakı Gənclər Mərkəzində Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Türkiyə Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə 1-ci Azərbaycan-Türkiyə Diabet Günləri keçirilib
Tədbirdə həm ölkəmizdən, həm də Türkiyədən tanınmış alimlər, mütəxəssislər diabet sahəsində elmi və praktik məruzələrlə çıxış ediblər. İki gün davam edən elmi tədbirdə şəkərli diabetin diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı aktual mövzular müzakirə olunub, mütəxəssislər öz təcrübələrini bölüşüblər.
Konfransın ikinci günündə Azərbaycan Nutrisiologiya və Diyetologiya Assosiasiyası – NUDİA tərəfindən “Diabetdə diyetologiyanın yeri” adlı simpozium təşkil olunub. Simpoziumda diabet xəstələrinin qidalanma strategiyaları, dietetik yanaşmaların müasir trendləri və xəstəliyin müalicəsində, eyni zamanda profilaktikasında qidalanmanın rolu geniş şəkildə təqdim edilib. Diabet və yanaşı xəstəliklər zamanı pəhrizin düzgün tərtibinin mühüm əhəmiyyət daşıdığı barədə məruzələr dinlənilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri Fəridə Əli və kafedranın əməkdaşları Q.Hacıyeva, A.Abdullayeva və İ.İslamzadə iştirak ediblər. Onlar da diabetlə mübarizədə pəhrizin və qidalanma mədəniyyətinin vacibliyi barədə öz fikirlərini bildiriblər.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə alimlərinin birgə əməkdaşlığı gələcəkdə diabetin effektiv müalicəsinin təşkilində mühüm nəticələr əldə etməyə imkan verəcək.