Polkovnik Məharət Rzayev: Onlar oğlanlar kimi forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaqlar
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi 25 ildir ki, fəaliyyət göstərir. Və ölkəmizdə hərbi tibbi kadrların hazırlanması üzrə yeganədir. Bu müddət ərzində hazırlanmış minlərlə mütəxəssis ölkəmizin güc strukturlarının tibb müəssisələrində ləyaqətlə xidmət edir. Hərbi həkimlərimiz və tibb işçiləri 44 günlük Vətən müharibəsində də öz sözünü şərəflə dedi. Məhz onların fədakarlığı sayəsində çoxsaylı yaralılar həyata qayıtdı ki, bu da itkilərimizin sayının xeyli azalmasına səbəb oldu.
Son illər ATU-nun bütün strukturlarında islahatlar aparılmasının şahidiyik. Bu proses Hərbi tibb fakültəsindən də yan keçməyib. Bu ilki qəbul imtahanları, yeniliklər barədə məlumat almaq üçün fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayevə müraciət etdik.
M.Rzayev əvvəlcə həm ATU-nun rektoru, professor Gəray Gəraybəylinin, həm də Milli Müdafiə Universitetinin (MMU) rektoru, general-mayor Gündüz Əbdülovun hərbi həkimlərin hazırlanması işində daim Hərbi tibb fakültəsinə diqqət və qayğı göstərdiklərini vurğuladı.
Onun bildirdiyinə görə, universitetin bütün sahələrində olduğu kimi, rəhbərlik etdiyi fakültədə də yeniliklər baş verib: “Bu ilədək dövlət qəbul planı tam şəkildə dolmamışdı. Hər il plan 40-50 faiz ancaq yerinə yetirilirdi. Amma ötən ildən etibarən Milli Müdafiə Universiteti tərəfindən edilən yeniliklər öz müsbət nəticəsini göstərdi. Belə ki, universitetin nəzdində Qəbul Komissiyası təşkil olundu. Sənədlərin qəbulunun əlçatanlığını təmin etmək üçün regionlarda 17 qəbul məntəqəsi yaradıldı. Tutaq ki, Gəncə ətrafı rayonlarda yaşayanlar Gəncədə, Lənkəran ətrafı rayonlarda yaşayanlar Lənkəranda sənəd verdilər. Aparılan təbliğat kampaniyası və regionlarda məntəqələrin olması vətəndaşların fakültəyə marağını xeyli artırdı. Ötən il planda nəzərdə tutulan 130 nəfərə qarşı 87 nəfər qəbul oldu. Bu isə o demək idi ki, dövlət planı 65 faizdən çox dolub.
Onu da qeyd edim ki, ötən il qəbul balında da dəyişiklik oldu. Keçid balı təxminən 50 bal yüksəldi. Əvvəllər 350 balla daxil olmaq mümkün idisə, keçən il 400 baldan aşağı toplayanlar kənarda qaldı”.
Polkovnik M.Rzayev bu il də tələbə qəbulunda bəzi dəyişikliklər edildiyini nəzərə çatdırdı. Bildirdi ki, regionlarda vətəndaşlara məsləhət vermək üçün mərkəzlər fəaliyyət göstərib: “Amma sənədlər təşkil olunmuş mərkəzlərdə qəbul edilmədi. Vətəndaşların əlçatanlığını daha da asanlaşdırmaq üçün Milli Müdafiə Universitetinin saytında bir baza yaradıldı. Abituriyentlər bazaya daxil olmaqla sənədlərini elektron qaydada təqdim edə bildilər. Bazanın yaradılması sənəd qəbulu işini daha da sadələşdirdi. Hər kəs rahat şəkildə bazanın imkanlarından istifadə edə bildi. Əlavə olaraq, *0811 nömrəli “Qaynar xətt” də təşkil olundu. Kimi hansı sual maraqlandırırdısa, zəng vurub, məsləhət ala bilirdi. Yeri gəlmişkən, “Qaynar xətt” üçün nömrə təsadüfi seçilməyib. Belə ki, Zəfər Günü 11-ci ayın 8-dədir.
Bütün bunların nəticəsində gənclərdə Hərbi tibb fakültəsinə maraq yüksəldi.
Avqustun 1-də verilən elan isə fakültəmizin həyatında tamamilə yenilik oldu. Elanda ilk dəfə olaraq Hərbi tibb fakültəsinə qızların da qəbul olunması barədə məlumat öz əksini tapdı. Nəticə gözlədiyimizdən qat-qat yaxşı oldu, xeyli sənəd verənlər oldu. Bu il qızlar arasında ən yüksək nəticəni Tükəzban Zalova göstərdi. O, 667.6 balla fakültəmizin ən yüksək bal toplayanı hesab olunur.
Bu il 171 nəfər dövlət planına qarşı oğlanlı-qızlı 159 nəfər qəbul olundu. Onlardan 56 nəfərin qız olması təqdirəlayiq haldır. Bu il, eyni zamanda ixtisasların da sayı artırıldı. Əgər əvvəllər hərbi tibb, stomatologiya ixtisasları var idisə, bu ildən ictimai səhiyyə və əczaçılıq ixtisasları da əlavə edildi”.
Fakültənin rəisi bu ildən etibarən feldşer ixtisası üzrə də qızların təhsil alacağını diqqətə çatdırdı. Bildirdi ki, bu il oğlanlar üçün keçid balı artaraq 420, qızlar üçün isə 500 olub: “İxtisas üzrə 110 oğlan, 10 qız tələbə adını qazandı. Feldşer hazırlığı kursunda qəbul balı ötən il 97 idisə, bu il 116-a yüksəldi. Əvvəlki illərdə müraciət edənlər az olduğundan, daha aşağı balla qəbul edə bilirdiksə, bu il yüksək balla da müsabiqədən keçə bilməyənlər oldu. Bu il 1-ci kursda 12 qrupun olmasını planlaşdırırıq. Əlavə olaraq, stomatologiya, ictimai səhiyyə və əczaçılıq ixtisaslarının hər biri üzrə bir qrup təşkil ediləcək”.
Sualımıza cavablandıran M.Rzayev qeyd etdi ki, fakültədə təhsil alacaq qızlar oğlanlar kimi forma geyinəcək, gələcəkdə təlimlərdə iştirak edəcək, rütbə alacaq, plana uyğun güc strukturlarının tibb müəssisələrində işlə təmin olunacaqlar.
Fakültənin fəaliyyət istiqamətləri haqda danışan polkovnik, burada həkimləri və feldşerləri təkmilləşdirmə kursunun mövcud olduğunu, ehtiyac olan mütəxəssislərin göndərişlər əsasında kurslarda iştirak etdiyini bildirdi: “Tutaq ki, hansısa hospitalda radioloq-texnikə ehtiyac var. Onun üçün 6 aylıq kurs təşkil edilir və işlə təmin olunur. Ümumiyyətlə isə zabitlər hər 3-5 ildən bir yeniliklərlə tanış olmaq üçün həkimləri təkmilləşdirmə kurslarına qatılırlar. Amma hamını kursa göndərmək mümkün olmadığından, həkimlər hər zaman öz üzərində işləməli, axtarışda olmalıdırlar”.
Fakültə rəisindən tələbələrin elmi fəaliyyəti ilə bağlı da maraqlandıq. Qeyd etdi ki, kursantlara klinik bazamız olan hospitalda və kafedralarda normal şərait yaradılıb. Elmi araşdırmalar Tələbə Elmi Cəmiyyətinin vasitəsilə həyata keçirilir. Fakültədən 5 nəfər öz elmi tədqiqatlarını may ayında keçirilmiş Tibb Festivalında təqdim edib: “Beynəlxalq konfranslarda yer tutan kursantlarımız da var. Möhsün Quluzadə ötən il Özbəkistanda Bilik Olimpiadasında diploma layiq görüldü. İqbal Babazadənin məruzəsi də maraqla qarşılandı. İki tələbəmiz öz təşəbbüsləri ilə bu il yayda məzuniyyət götürüb, Ankara xəstəxanalarının birində təcrübə keçiblər. Beynəlxalq arenada tələbə mübadiləmiz və əlaqələrimiz davam edir. Hazırda İtaliya, Rusiya və Türkiyədə təhsil alan tələbələrimiz var”.
Söhbətimizin sonunda bizi maraqlandıran bir suala da cavab istədik: “Məlumdur ki, həkimlər 5 ildən bir sertifikasiyadan keçir. Bu, hərbi həkimlərə də şamil olunurmu?” M.Rzayev: “Doğrusu, hərbi həkimlər indiyədək sertifikasiyadan keçmirdilər. Amma elektron xəstəxanaya keçidlə, sığorta sisteminin tətbiqi ilə əlaqədar olaraq, hərbi həkimlərin də sertifikasiyadan keçməsi nəzərdə tutulur”.