ATU-da yeni tədris ili ilə bağlı geniş müzakirələr aparılıb

 

Azərbaycan Tibb Universitetində (ATU) rəhbərlik nümayəndələri ilə tədris hissə müdirlərinin görüşü keçirilib. Görüşdə yeni tədris ilinə hazırlıq, tədris prosesinin təşkili və keyfiyyətin artırılması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev çıxış edərək yeni tədris ilində qarşıda duran vəzifələrin icrası ilə maraqlanıb. O, professor-müəllim heyətinin iş prinsipləri, tədrisin təşkili və keyfiyyətin təmin olunması məsələlərinə xüsusi diqqət çəkib.

Professor Anar Ağayev qeyd edib ki, Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi hər zaman prioritet istiqamət olub. Onun sözlərinə görə, qarşıdan gələn tədris ilində də tələbələrin bilik və bacarıqlarının artırılması, müasir tibb elminin tələblərinə uyğun kadrların hazırlanması üçün bütün imkanlar səfərbər olunacaq:

“Universitetimizin uğurları birbaşa olaraq pedaqoji kollektivin fədakar əməyindən asılıdır. Hər bir müəllim yalnız bilik ötürən deyil, həm də tələbələr üçün nümunə olmalıdır. Bizim əsas məqsədimiz gələcəyin peşəkar həkimlərini yetişdirməkdir və bu istiqamətdə qarşımıza qoyduğumuz bütün vəzifələrin öhdəsindən gələcəyik”.

Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov çıxışında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, ATU-nun ali təhsil müəssisələri arasında özünəməxsus yeri olduğunu vurğulayaraq bildirib:

“ATU təhsilin bütün pillələrində – subbakalavr, bakalavr, baza ali tibb, magistratura və rezidentura pilləsində kadr hazırlığı aparan yeganə ali məktəbdir. Universitetdə indiyədək 9 ixtisaslaşma üzrə magistratura pilləsində təhsil mövcud idisə, bu ildən artıq 17 ixtisaslaşma üzrə qəbul həyata keçirilib. Ümumilikdə isə ATU tərəfindən Elm və Təhsil Nazirliyinə 36 ixtisaslaşma üzrə təklif təqdim olunub ki, onların 17-si yeni ixtisaslaşmalardır. Bu, universitetimiz üçün mühüm nailiyyətdir”.

K.Yaqubov həmçinin Azərbaycan Tibb Universitetinin hərbi tibb sahəsində uğurlarından da bəhs edib. Onun sözlərinə görə, 25 illik fəaliyyəti dövründə ölkədə yeganə hərbi tibbi kadrların hazırlanmasını həyata keçirən ATU-nun Hərbi Tibb fakültəsi bu il ilk dəfə olaraq rekord göstəriciyə imza atıb:

“Dövlət planına qarşı qəbul edilən 171 nəfərdən 159-u qəbul olunub. Onlardan 56 nəfərin qız olması fakültə üçün tarixi hadisədir və bu, universitetimiz üçün böyük uğur sayılır”.

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova çıxışında müasir dövrdə sosial şəbəkələrin informasiya yayımındakı əhəmiyyətindən söz açıb. O, rəsmi məlumatların, xəbərlərin operativ və şəffaf şəkildə geniş ictimaiyyətə çatdırılmasında sosial medianın mühüm rol oynadığını qeyd edib “Sosial şəbəkələr təkcə məlumatların yayımı üçün deyil, həm də ictimai rəylərin öyrənilməsi və baxışların formalaşdırılması baxımından əvəzsiz vasitəyə çevrilib”.

G.Aslanova universitetin sosial media aktivliyinin artdığını da vurğulayıb. Onun sözlərinə görə, ATU-nun səhifəsində təkcə bir post 35 mindən çox baxış toplayıb, yüzlərlə bəyənmə və onlarca paylaşım qazanıb. Son 3 ay ərzində universitet haqqında paylaşımlara 5 milyondan çox baxış olub. Qeyd olunub ki, bu göstəricilər sosial şəbəkələrdə yayılan məlumatların auditoriya tərəfindən diqqətlə izlənildiyini və universitetin fəaliyyətinə ictimai marağın yüksək olduğunu təsdiqləyir.

Görüşdə səsləndirilən fikirlər yeni tədris ilinə daha səmərəli hazırlığa, tədrisin təşkilində innovativ yanaşmalara və universitetin beynəlxalq nüfuzunun artırılmasına xidmət edən mühüm istiqamətlər kimi dəyərləndirilib.