Yeni tədris ilinə hazırlıq çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) rəhbər şəxsləri universitetin Stomatoloji, Terapevtik və Cərrahiyyə klinikalarında yerləşən kafedralara baxış keçiriblər
Monitorinqdə prorektorlar, fakültə dekanları və Tədris departamentinin əməkdaşları iştirak ediblər.
Görüş zamanı klinikalarda tədris prosesinin təşkili, dərslərin gedişinə hazırlıq səviyyəsi, müəllimlərin pedaqoji yanaşmaları, tələbələrin praktiki vərdişləri və nəzəri biliklərini real klinik şəraitdə tətbiq etmək imkanları müzakirə olunub. Həmçinin kafedraların maddi-texniki bazası, tibbi avadanlıqların işlək vəziyyəti və klinikalarda yaradılan tədris mühiti ilə bağlı ətraflı məlumat təqdim edilib.
ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev bildirib ki, universitet rəhbərliyi üçün tədrisin keyfiyyəti hər zaman prioritet məsələdir: “Universitet rəhbərliyinin əsas prioritetlərindən biri tədris prosesinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və tələbələrin praktiki biliklərinin daha da möhkəmləndirilməsidir. Tədris mühitinin müasir standartlara cavab verməsi, avadanlıqların işlək vəziyyətdə olması və klinik personalın əməkdaşlığı da bizim üçün diqqət mərkəzində saxlanılır”, – deyə Anar Ağayev vurğulayıb.
Tədris ili öncəsi keçirilən bu baxış və monitorinqlərin əsas məqsədi tələbələrin daha yüksək səviyyədə bilik və bacarıq qazanmasına şərait yaratmaq, onların klinik təcrübəyə çıxış imkanlarını genişləndirmək və müasir tibb elminin tələblərinə uyğun təhsil mühiti formalaşdırmaqdır.