ATU-nun Nevrologiya kafedrası 36-cı Beynəlxalq Epilepsiya Konqresində xüsusi Diplomla təltif olunub

2025-ci il 30 avqust – 3 sentyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda 36-cı Beynəlxalq Epilepsiya Konqresi keçirilib

 Dünyanın ən nüfuzlu tibbi tədbirlərindən biri hesab olunan Konqres Epilepsiya Əleyhinə Beynəlxalq Liqa (ILAE) tərəfindən təşkil olunub. Tədbirdə 120-dən çox ölkədən 4200-dən artıq həkim və aparıcı mütəxəssis iştirak edib, elmi sessiyalar isə 500-dən çox beynəlxalq alim tərəfindən aparılıb.

Konqres çərçivəsində Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrası da yüksək mükafata layiq görülüb. Belə ki, 2000-ci ildən ILAE-nin Azərbaycan bölməsinin rəsmi nümayəndəliyi – Epilepsiya Əleyhinə Azərbaycan Liqası kimi fəaliyyət göstərən kafedranın 25 illik uğurlu elmi-tədqiqat işləri, beynəlxalq nəşrləri, həmçinin təşkil etdiyi seminar və təlimlər xüsusi qiymətləndirilib. Bu münasibətlə Nevrologiya kafedrası ILAE-nin xüsusi Diplomu ilə təltif olunub. Diplom Konqresin Baş Assambleyasında ILAE prezidenti, professor Helen Cross tərəfindən ATU-nun Nevrologiya kafedrasının dosenti, Epilepsiya Əleyhinə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin katibi Şəhla Məlikovaya təqdim olunub.

Dosent Ş. Məlikova həmçinin, Konqresin nəzdində keçirilən və ILAE idarə heyəti tərəfindən təşkil edilən Liderlik İnkişafı Kursunu da uğurla başa vurub.

Qeyd edək ki, ATU-nun Nevrologiya kafedrasının əsas elmi istiqamətlərindən biri hamilələrdə epilepsiyanın öyrənilməsidir. Belə ki, Nevrologiya kafedrasının müdiri professor Aytən Məmmədbəyli və dosent Ş. Məlikovanın apardığı tədqiqatların nəticələri dəfələrlə beynəlxalq konqreslərdə təqdim olunub, PubMed, Web of Science, Scopus bazalarında indeksləşən yüksək impakt faktorlu jurnallarda dərc edilib. Məqalələrə dünyanın aparıcı elmi jurnallarında geniş istinad olunub və ümumi sitat sayı 100-ə çatıb.

Sonuncu – 36-cı Beynəlxalq Epilepsiya Konqresində də bu tədqiqatın yeni nəticələri təqdim olunaraq beynəlxalq mütəxəssislər tərəfindən geniş müzakirə edilib.