ATU-da Bilik Günü münasibətilə təntənəli mərasim keçirilib

Hər kəsi təbrik edən rektor, professor Gəray Gəraybəyli I kurs tələbələrinə üz tutaraq, “böyük ailəmizə xoş gəlmisiz” deyib

Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində Bilik Günü təntənəli şəkildə qeyd olunub. II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Nigar Babayevanın aparıcısı olduğu tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Mərasimdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli professor-müəllim heyətini və tələbələri təbrik edib: “Mən sizi ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Tibb Universitetində Bilik Gününə həsr olunmuş tədbirdə səmimi qəlbdən salamlayıram və ilk növbədə bu il tələbə adını qazanmış əziz gənclərimizi, onların valideynlərini səmimi-qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, artıq bir neçə ildir bilik bayramı bütün Azərbaycan ərazisində, xüsusilə 30 ilə yaxın işğal altında olan şəhər və kəndlərimizdə böyük qürur hissi ilə qeyd olunur. Ölkəmizin hər yerində Azərbaycan bayrağı dalğalanır və Dövlət Himnimiz səslənir”.

Rektor təbrik nitqində bu böyük qələbənin memarı, möhtərəm prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda təhsilə, o cümlədən tibb təhsilinə daim yüksək səviyyədə diqqət və qayğı göstərdiklərini xüsusi vurğulayıb: “95 illik tarixi inkişaf yolu keçən Tibb Universiteti bu qayğını hər zaman hiss edir. Müəllimlərimizə, tələbələrimizə universitetin tədris prosesinə, elmi istiqamətə həmişə böyük diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etməsi tibb təhsilinə göstərilən diqqətin əyani sübutudur. Bu həm də bir tarixdir. Yəni Azərbaycan Tibb Universiteti 95, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi 25 illiyini qeyd edirsə, Qarabağ Universiteti öz qapılarını ilk dəfə tibb tələbələri üçün açıb”.

Azərbaycanda tibb kadrlarının hazırlanmasında universitetimizin müstəsna rolundan söz açan rektor, bu il Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda Tibb Universitetini seçən abituriyentlərin ən yüksək göstəricilər nümayiş etdirdiyini deyib. Bildirib ki, tibb ixtisasına qəbul olunmuş tələbələrin keçid balı 624, stomatologiya ixtisası üzrə keçid balı isə 615 olub: “Universitetimizə bu il daxil olan 960 nəfərdən 729 nəfəri 600-dən çox bal toplayıb. Xüsusi fərəhlə qeyd etmək istərdim ki, qəbul imtahanında 700 bal toplayan 2 tələbə də universitetimizi seçib. Həmçinin Hərbi tibb, Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq ixtisaslarına qəbul olunan 159 nəfər də yüksək nəticələr göstərib. Tarixi bir hadisədir ki, bu il Hərbi tibb fakültəsinə ilk dəfə qızlar da sənəd verib və onlardan 56 nəfəri tələbə adını qazanıb”.

Professor Gəray Gəraybəyli təbrikini Azərbaycan Tibb Universitetinə ilk dəfə qədəm qoyan I kurs tələbələrinə ünvanlayaraq bildirib ki, bu gündən universitetin mühazirə, seminar zalları, dərs otaqları, kitabxanaları, klinikaları, laboratoriyaları sizin üçün açıqdır: “Heç vaxt unutmayacağınız tələbə həyatınız başlayır. Hər birinizə ürəkdən uğurlar arzulayıram. 6 il bizimlə bir yerdə olacaqsız. Əminəm ki, 6 ildən sonra da kimlərsə rezidenturada, kimlərsə doktoranturada təhsilini davam etdirəcək. Eləcə də indi burada əyləşən birinci kurs tələbələrinin bir qismi nə vaxtsa öz həyatını Tibb Universiteti ilə bağlayacaq.

Bir daha sizə Azərbaycan Tibb Universitetinin böyük ailəsi adından “ailəmizə xoş gəlmisiz” deyirəm. Qədəmləriniz uğurlu olsun. Təhsildə, elmdə, praktik səhiyyədə sizə böyük nailiyyətlər arzulayıram. Eyni zamanda Azərbaycan xalqının sağlamlığı və rifahının qorunması üçün gələcəkdə böyük xidmətlər göstərəcəyinizə inanıram”.

Sonra Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev çıxış edərək ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb: “Bu gün sizin həyatınızda ən önəmli səhifələrdən biri açılır. Sizi qarşıda məsuliyyətli, eyni zamanda şərəfli bir yol gözləyir. Həkim olmaq yolu. Ümidvaram ki, universitetimizin birinci kursuna qəbul olmuş tələbələrin professor-müəllim heyəti ilə ilk görüşü uzun illər yadda qalacaq.

Həkimlik sadəcə bir peşə deyil, insanlığa xidmət edən missiyadır. İndidən bilməlisiniz ki, Tibb Universitetində uğur qazanmaq üçün yalnız zəka kifayət deyil, həm də fədakarlıq, davamlı zəhmət, yüksək məsuliyyət hissi və böyük ürək tələb olunur”.

Professor R.Nağıyev gələcəyin cərrahları, terapevtləri, əczaçıları, alimləri və səhiyyə təşkilatçıları olacaq tələbələri qarşıda çətinliklərin, yuxusuz gecələrin də gözlədiyini, amma bu yolda universitetimizin rektoru başda olmaqla, bütün professor-müəllim heyətinin onlara həmişə dəstək göstərəcəyini söyləyib.

Toplantıda valideynlər adından danışan Stomatologiya fakültəsinin I kurs tələbəsinin valideyni Samirə Ələkbərova yeni dərs ili münasibətilə ATU-nun pedaqoji kollektivini, tələbələri və onların valideynlərini təbrik edib. Gələcəyin həkimlərinə bu şərəfli, məsuliyyətli, eyni zamanda çətin yolda cansağlığı, biliklə dolu tələbəlik illəri, vətənə və millətə gərəkli mütəxəssis olmağı arzulayıb.

Tələbələr adından 700 balla universitetə daxil olan II Müalicə-profilaktika fakültəsinin tələbəsi Sona Nurməmmədli çıxış edərək, qazandığı uğura görə ailəsinə, müəllimlərinə, eləcə də təhsilə yüksək səviyyədə qayğı göstərən dövlət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu yola çıxdıqda məqsədim yalnız yüksək bal toplamaq deyildi, yaxşı həkim olmaq istəyirdim. Bu gün burada olmaq həmin yolun ilk addımıdır. Düşünürəm ki, yaxşı həkim həm də insanlara qayğı göstərməyi bacarmalıdır. Əminəm ki, burada toplaşan hər bir tələbənin özünəməxsus hekayəsi var. Sonda isə demək istəyirəm ki, rəqabəti deyil, həmrəyliyi üstün tutaq. Çünki yaxşı bir həkim bir komandanın üzvü olaraq uğur qazanır. Zamanla həyat bizə göstərəcək ki, tibb təkcə elmi bir sahə deyil, həm də böyük bir insanlıq məktəbidir. Hər kəsə yeni tədris ilində uğurlar arzu edirəm!”

Tədbirin sonunda yenidən səhnəyə dəvət olunan rektor, professor Gəray Gəraybəyli 700 bal toplayan Sona Nurməmmədlini və I Müalicə-profilaktika fakültəsinin tələbəsi Orxan Abdulsəmədlini təbrik edib, onlara son model noutbukları təqdim edib.