Azərbaycan pediatriyasının uğurları beynəlxalq konqresdə təqdim edilib

Dünyada uşaq sağlamlığı xidmətləri, xüsusilə də profilaktik tibb, vaksinasiya və ümumilikdə ana-uşaq sağlamlığı müasir pediatriyanın öncül məsələlərindəndir.

Ötən həftə Türkiyənin İzmir şəhərində bir çox ölkələrdən uşaq sağlamlığı və xəstəlikləri üzrə tədris mərkəzləri, eləcə də əlaqəli təşkilat və qurumları təmsil edən mütəxəssislərin iştirakı ilə Beynəlxalq İzmir Pediatriya Konqresinin builki – ikinci toplantısı keçirilib.

Dokuz Eylül Universitetinin ev sahibliyi ilə təşkil olunan və əsas mövzusu “Ətraf mühit, iqlim dəyişikliyi və uşaq sağlamlığı” olaraq müəyyən edilən konqresdə ölkəmizi təmsil edən Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) nümayəndələri – APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium şurasının üzvü, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə və ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Şəhla Balayeva Azərbaycanda uşaq sağlamlığı sahəsində aparılan mühüm elmi-tədqiqat işləri və müasir yanaşmaları, həyata keçirilən profilaktik tədbirlər və gələcək hədəfləri beynəlxalq auditoriyaya təqdim ediblər.

Təranə Tağı-zadə tədbirdə moderator və məruzəçi kimi iştirak edib. O, ölkəmizdə uşaq sağlamlığı sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib, bu sahənin Azərbaycanda tarixi inkişafına toxunaraq, müasir dövrdə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.

Alim türk dünyasının gələcəyi üçün uşaqların sağlamlığının vacibliyinə toxunaraq, ətraf mühitin uşaqların fiziki və zehni inkişafına birbaşa təsir etdiyini, bu səbəbdən təmiz hava, su və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsinin prioritet məsələlər olduğunu diqqətə çatdırıb. “Bizim əsas vəzifəmiz sağlam gələcək nəsil yetişdirməkdir” deyən pediatr, “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq, hər iki ölkənin yeni nəslinin sağlamlığını təmin etmək üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Çıxışında türk dünyasının uşaq həkimləri üçün ortaq layihə təklif edən T.Tağı-zadə belə layihələrin tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi və elmi inkişafa töhfələr verəcəyinə əminliyini ifadə edib.

Kafedra müdiri Şəhla Balayeva isə "Məktəblilər arasında sağlamlıq problemlərinin yaranmasında ətraf mühit amillərinin rolu” mövzusunda çıxış edərək, tədqiqat nəticələrini auditoriyanın diqqətinə çatdırıb. Alim bildirib ki, müasir dövrdə məktəb mühitindəki amillər uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib. Şəhərlərdə artan hava çirklənməsi, məktəb binalarında keyfiyyətsiz havalandırma və balanssız qidalanmanın təkcə tənəffüs yolları xəstəliklərini deyil, həm də allergik reaksiyaları və digər xroniki problemləri stimullaşdırdığını qeyd edib. O, məktəblilərin sağlam gələcəyini təmin etmək üçün təhsil ocaqlarında gigiyena və sanitar normalara ciddi riayət olunmasının zəruriliyini vurğulayıb, bu sahədə kompleks tədbirlərin görülməsinin əhəmiyyətinə toxunub.

Konqresdə azərbaycanlı mütəxəssislər mükafatlandırılıb. Onların məruzələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Azərbaycanlı alimlər konqresdə beynəlxalq tərəfdaşlar və həmkarları ilə səmərəli əməkdaşlıqlar qurub. PUADER-in idarə heyətinin sədri, İzmir Katip Çelebi Universitetinin professoru Bumin Dündar, Dokuz Eylül Universitetinin professoru Adam Aydın, Ege Universitetinin professoru Cam Balkan, eləcə də Atatürk Kültür Mərkəzi və Pediatriya Uzmanlıq Akademiyası Dərnəyinin təmsilçiləri konqresin yüksək səviyyədə təşkilinə və elmi-praktik diskussiyalara öz töhfələrini veriblər. Bu əməkdaşlıq platforması azərbaycanlı mütəxəssislərin qardaş ölkənin qabaqcıl alimləri və təşkilatları ilə gələcək layihələr üçün əlaqələrini möhkəmləndirməyə imkan verib. 
Tədbirdə iqlim dəyişikliyinin uşaq sağlamlığına təsirləri ilə bağlı kurslar da təşkil olunub, yüksək elmi səviyyəli tədqiqatlar təqdim edilib. Konqres çərçivəsində iclas və simpoziumlarda ümumi pediatriya və onun yan ixtisas sahələrində yeniliklər, müasir tətbiqlər, eləcə də uşaq psixiatriyası ilə bağlı mövzular, tez-tez rast gəlinən cərrahi problemlər və onların müalicəsi kimi uşaq sağlamlığının hərtərəfli məsələləri müzakirə olunub.