
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Erasmus+ Beynəlxalq Kredit Mobilliyi (International Credit Mobility – ICM) proqramı çərçivəsində Türkiyənin Ondokuz Mayıs Universitetində (Samsun) akademik mobillik proqramında iştirak edib.
Proqram çərçivəsində ATU-nun Nevrologiya kafedrasının assistenti Nuridə Tağıyeva elmi və akademik təqdimatla çıxış edib. Təqdimatda nevrologiya sahəsində müasir diaqnostik və müalicə yanaşmaları, elmi-tədqiqat istiqamətləri, eləcə də Azərbaycan Tibb Universitetində bu sahədə həyata keçirilən tədris və elmi fəaliyyət barədə məlumat verilib.
Akademik mobillik müddətində tərəflər arasında nevrologiya sahəsində qabaqcıl təcrübələrin paylaşılması, tədris metodlarının müzakirəsi və gələcək birgə elmi-tədqiqat layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Səfər universitetlər arasında elmi əlaqələrin genişlənməsinə, akademik bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə, həmçinin beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verib.
Erasmus+ Beynəlxalq Kredit Mobilliyi proqramı ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin təşviqi və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fəaliyyət eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən Məqsəd 4 – Keyfiyyətli Təhsil və Məqsəd 17 – Məqsədlər naminə Tərəfdaşlıqlar istiqamətində ali təhsildə beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinə və bilik mübadiləsinin təşviqinə xidmət edir.