Yeni tədris ilində professor-müəllim heyəti ilə növbəti görüş keçirilib

Sentyabrın 18-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rəhbər şəxslərin fakültə dekanları, kafedra müdirləri, tədris departamenti və ümumi şöbə əməkdaşları ilə növbəti görüşü keçirilib

Professor-müəllim heyətinin də qatıldığı tədbirdə yeni dərs ilinin uğurla başlanması münasibətilə bütün əməkdaşları bir daha təbrik edən ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev tədris prosesinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırıb. Universitetimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını deyən prorektor, pedaqoji kollektivin üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayıb. Bildirib ki, həmişə olduğu kimi, yeni tədris ilində də tələbələrin bilik və bacarıqlarının artırılması, müasir tibb elminin tələblərinə uyğun kadrların hazırlanması, tədris planlarının yenilənməsi prioritet istiqamət olaraq qalır.

Professor A. Ağayev qazanılan uğurlarla yanaşı, mövcud problemlərin də qısa müddətdə öz həllini tapacağına, qarşıda duran vəzifələrin yüksək səviyyədə icra olunacağına əminliyini ifadə edib.

Sonra Ümumi şöbənin əməkdaşı Nərmin Məcidova elektron sənəd dövriyyəsi sisteminin əsas tələbləri və yenilikləri haqqında məlumat verib.

Bildirilib ki, elektron sənəd dövriyyəsi iş prosesini sürətləndirmək və şəffaflığı artırmaq üçün nəzərdə tutulub.
İclasda həmçinin hər bir əməkdaşın sənədlərinin vaxtında icrasının vacibliyi və sənədlərin icrasına ciddi nəzarət aparılırdığı da qeyd olunub. Sənəd dövriyyəsinin operativliyini təmin etmək üçün mövcud problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Görüş zamanı əməkdaşları maraqlandıran suallar da cavablandırılıb.