Serbiyanın tanınmış alimlərindən biri Kragujevac Universitetinin Tibb Elmləri Fakültəsinin professoru Vladimir Jurišić Azərbaycan Tibb Universitetinin (ATU) Biokimya kafedrasının qonağı olub.
Professor Jurišić ATU-nun 2-ci kurs tibb ixtisası tələbələrinə “Laktatdehidrogenaza fermentinin onkoloji xəstəliklərin müalicəsi və diaqnostikasında rolu” mövzusunda geniş mühazirə oxuyub. O tələbələrlə bu fermentin şiş hüceyrələrinin enerji mübadiləsindəki rolu, həmçinin diaqnostik və terapevtik əhəmiyyəti barədə son elmi bilikləri bölüşüb. Mühazirə tələblər tərəfindən böyük marağa səbəb olub.
Qeyd edək ki, professor Jurišić beynəlxalq elmi ictimaiyyətdə böyük nüfuza malikdir. Google Scholar məlumatına görə onun H-indeksi 39, son 5 illik H-indeksi isə 28-dir. Bu göstəricilər alimin elmi işlərinə edilən çoxsaylı istinadların və davamlı elmi fəaliyyətinin göstəricisidir.
Alimin elmi məqalələri kliniki immunologiya, onkologiya, hematologiya və biokimya sahələrini əhatə edir. O, xüsusilə şiş markerləri, immun hüceyrə reaksiyaları, molekulyar və biokimyəvi şiş diaqnostikası istiqamətində mühüm kəşfləri ilə tanınır. Onun tədqiqatları xərçəngin erkən diaqnostikası və müalicə strategiyalarının təkmilləşdirilməsinə yönəlib.