Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Acıbadəm Xəstəxanasının ortoped travmatoloqu, professor Dr. Mehmet S. Binnet arasında işgüzar görüş keçirilib
Görüşdə tərəflər ortopedik cərrahiyyə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, yeni elmi tədqiqatların təşkili və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan əsilli olan professor Dr. Mehmet S. Binnet universitetdə aparılan işləri yüksək qiymətləndirərək, gələcəkdə tələbələrin nəzəri və praktiki biliklərinin artırılması üçün müxtəlif təlimlərin və seminarların təşkilində əməkdaşlığa hazır olduğunu bildirib.
Professor Gəray Gəraybəyli isə ATU-da elmi-tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi və beynəlxalq əlaqələrin daha da gücləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, bu əməkdaşlığın universitetin ortopedik cərrahiyyə sahəsindəki potensialının genişlənməsinə töhfə verəcəyinə inandığını qeyd edib.
Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Orxan İsayev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.