Kursantların təntənəli andiçmə mərasimi keçirilib

Yeni tədris ilinin başlanması münasibətilə Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi kursantlarının təntənəli andiçmə mərasimi keçirilib

Şəxsi heyətin düzülüşü barədə məruzə edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev kursantları və onların valideynlərini təbrik edərək kursantlara təhsildə, eləcə də xidmətdə uğurlar arzulayıb. Bildirib ki, Vətənə sədaqət andı içən kursantlarımızın öz bilik, bacarıq və təcrübələrindən istifadə edərək hərbi qulluqçulara daim zəruri tibbi yardım göstərəcəklərinə əmindir.

Təntənəli mərasimdə öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşən kapitan Mehrab Əmirov və kursant valideynləri gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, hərbi həkimlik peşəsinin sirlərini dərindən öyrənməklə şəxsi heyətin sağlamlığını qorumağı tövsiyə ediblər.

Hərbi tibb fakültəsinin bütün tədbirlərinə böyük həvəslə qatılan Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, İctimai səhiyyə fakültəsinin həmkarlar təşkilatının sədri Səidə Hacıyeva kursantların vətənə sədaqət andı içməsinin onda həmişə fəxarət hissi yaratdığını deyib.

Gənc kursantlar Hərbi anda, xalqımıza və vətənimizə həmişə sadiq olacaqlarına, orduda şərəflə xidmət edəcəklərinə söz veriblər.