Azərbaycan Tibb Universitetində (ATU) şəhid övladları ilə görüş təşkil olunub
Tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov şəhid övladlarına ilk növbədə rektor, professor Gəray Gəraybəylinin salamını və xüsusi ehtiramını çatdıraraq bildirib ki, hər birimizn sizlərə mənəvi borcumuz var: “Çünki siz şanlı tarix yazan qəhrəmanlarımızın övladlarısınız. Hamımız bilirik ki, 27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sizin valideynləriniz böyük rəşadət göstəriblər. Onlar öz canları, qanları bahasına işğal altında olan torpaqlarımızı azad ediblər. Bu gün Qarabağda sərbəst gəzə biliriksə, bu, onların qəhrəmanlığının nəticəsidir. 27 sentyabr - II Qarabağ müharibəsinin başlandığı gün ərəfəsində istədik ki, sizin dərdinizə şərik olaq, ağrınızı paylaşaq. Çox çətin günlər idi. Şükürlər olsun ki, igid vətən oğulları öz qanı-canı bahasına bizə qələbə sevinci yaşatdılar. Mən arzu edirəm ki, siz hər zaman qəhrəman valideynlərinizin müqəddəs xatirəsinə layiq övladlar olasınız”.
Çıxışın ardınca 44 günlük şanlı zəfər yolunu özündə əks etdirən videoçarx nümayiş olunub.
Bundan sonra tədbirdə çıxış edən tələbələr – şəhid övladları və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri 27 sentyabr – Anım Gününün həm hüzn, həm də qürur dolu tarix olduğunu vurğulayıblar. Onlar şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqının birliyi və gücünün simvolu olduğunu bildiriblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin II MPF üzrə sədri Aytac Şükürlü qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın gücünün bütün dünyaya nümayişidir:
“Şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün əbədi nümunə olacaq. Bizim vəzifəmiz onların uğrunda can verdiyi vətəni sevmək, inkişaf etdirməkdir”.
Şəhid övladları – Aybəniz Həşimova, Fidan Hüseynzadə, Aysu Elzamin və Mehman Rəhimli də çıxış edərək valideynlərinin qəhrəmanlıq yolunun onlarda həmişə qürur hissi yaratmaqla bərabər, qarşılarına böyük bir məsuliyyət də qoyduğunu söyləyiblər. Göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildirən şəhid övladları öz doğmalarının timsalında bütün şəhid ailələrinə səbr, Vətən qazilərinə cansağlığı diləyiblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov universitet rəhbərliyinin şəhid ailələrinə və övladlarına daim dəstək göstərdiyini vurğulayıb: “Şəhidlərin övladları ilə tanış olmaq, onların həyat hekayəsini eşitmək bizim üçün qürurvericidir. General Polad Həşimov və bütün şəhidlər daim qəlbimizdədir. Rektor, professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyi hər zaman şəhid övladlarının yanındadır”.
Görüşün sonunda bir daha şəhid övladlarına ehtiramını ifadə edən prorektor Mahir Səfərov, yaşanan ağrılara baxmayaraq həyatın davam etdiyini, onları
qarşıda yeni perspektivlərin gözlədiyini deyib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.