Dekabrın 3-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin (AzərMDS) Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) təqdimat konfransı keçirilib.
Konfransı Azərbaycan Tibb Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov açıq elan edərək, təşkilatın fəaliyyətinin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb və gələcək işlərində uğurlar arzulayıb. Daha sonra “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin (AzərMDS) sədri Həzi Aslanov öz çıxışında təşkilatın Azərbaycan səhiyyəsində və ictimai həyatında oynadığı rol və verdiyi tövhələr haqqında geniş məlumat verib. Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ramil Məmmədov və Nəsimi rayon İcra Hakimiyyətinin Gənclərlə iş üzrə İdarəsinin rəis müavini Şahmar Tağızadə də həmçinin çıxış edərək təşkilata gələcək işlərində uğurlar arzulayıblar.
Konfrans Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (İFMSA) Azərbaycan nümayəndəliyi olan AzərMDS-in prezidenti Nərminə Ələkbərovanın çıxışı ilə davam edib. O, iştirakçılara AzərMDS-in strukturu, məqsədi, layihələri barədə geniş məlumat verib, onları təşkilatın keçmiş və indiki fəaliyyəti, gələcək planları haqqında məlumatlandırıb. Eyni zamanda, milli və beynəlxalq miqyasda keçirilən layihələrin əhəmiyyətini qeyd edərək tələbələrini bu işdə fəal olmağa çağırıb.
Daha sonra AzərMDS-in Beynəlxalq işlər üzrə baş məsləhətçisi Leyla Əlizadə çıxış edərək, təşkilatın Professional Mübadilə Komitəsi tərəfindən koordinasiya olunan tibb tələbələrinin xarici ölkələrlə mübadiləsi barədə geniş məlumat verib. O, öz çıxışında mübadilədə iştirak şərtlərini və müsabiqənin gedişini iştirakçıların nəzərinə çatdırıb.
Konfransda son söz Azərbaycan Tibb Universitetinin məzunu Xalidə Mahmudovaya verilib. Xalidə xanım tələbələrlə AzərMDS-İFMSA Professional mübadiləsi çərçivəsində 2013-cü ildə Polşada keçdiyi 1 aylıq praktika barədə təəssuratları ilə bölüşüb.
Qeyd edək ki, “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzərMDS) Azərbaycanı zaman-zaman IFMSA-da təmsil edib. IFMSA (International Federation of Medical Students’ Associations) Beynəlxalq Tibb Tələbələri Assosiasiyalarının müstəqil, qeyri-hökümət və qeyri-siyasi federasiyasıdır.
IFMSA özündə 6 qitə, 122 ölkədən 1,3 milyon tibb tələbəsini birləşdirən dünyanın ən qədim və ən böyük tələbə təşkilatlarındandır. İl ərzində IFMSA minlərlə tibb tələbəsinin mübadiləsini təşkil edir. AzərMDS 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvüdür. Bu günə qədər AzərMDS-in mübadilə proqramında 600-dən çox gənc iştirak edib. Hazırda AzərMDS nəzdində 6 komitə fəaliyyət göstərir:
1. Kliniki Mübadilə Üzrə Daimi Komitə (SCOPE)
2. Elmi Mübadilə Üzrə Daimi Komitə (SCORE)
3. Tibb Təhsili Üzrə Daimi Komitə (SCOME)
4. Reproduktiv Sağlamlıq və QİÇS Üzrə Daimi Komitə (SCORA)
5. İctimai Sağlamlıq Üzrə Daimi Komitə (SCOPH)
6. Qaçqınlar və Sülh Üzrə Daimi Komitə (SCORP)
Biz də öz adımızdan AzərMDS İctimai Birliyinə göstərdiyi mühüm fəaliyyətdə, gələcək layihələrdə böyük uğurlar arzulayırıq.