ATU-da pakistanlı professorun elmi məruzəsi maraqla qarşılandı

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və bu istiqamətdə həyata keçirilən işlər nəticəsində universitetdə mütəmadi olaraq xarici mütəxəssislərin mühazirə və seminarları təşkil olunur

Akademik mübadilə proqramı çərçivəsində ATU-nun qonağı Pakistan İslam Respublikasının Svabi Universitetinin Kimya fakültəsinin professoru Abdur Rauf olub. Professor “Diospyros lotus (Qafqaz xurması) bitkisindən alınan dimer naftoxinonların dərman preparatlarının hazırlanmasında əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Onun təqdimatı müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Bundan başqa, professor Abdur Rauf Əczaçılıq fakültəsinin tələbə və magistrantları üçün “Bioloji fəal maddələrin identifikasiyasında infraqırmızı və nüvə-maqnit rezonans spektroskopiyasının tətbiqi” mövzusunda mühazirə oxuyub. Təqdimatdan sonra o, tələbələrin suallarını cavablandıraraq mövzu ilə bağlı geniş izahlar verib.