19-cu İrəli Artroplastika Kursu və 2-ci Türkiyə–Azərbaycan Artroplastika Günləri elmi toplantısı baş tutub

Tibb Universitetinin Travmatologiya və Ortopediya kafedrası və Qalça-Diz Artroplastika Assosiasiyasının birgə təşkilatçılığı ilə 19-cu İrəli Artroplastika Kursu və 2-ci Türkiyə–Azərbaycan Artroplastika Günləri adlı elmi toplantı uğurla keçirilib

Tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb. Ardınca 27 sentyabr – şanlı Zəfərlə başa çatmış Vətən müharibəsinin 5 illiyi münasibətilə, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, o cümlədən Azərbaycan Tibb Universitetinin 18 məzun və tələbəsinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya və Ortopediya kafedrasının müdiri, professor Cəfər Nəsirli qeyd edib:

“Bir çox sahədə olduğu kimi, tibb elminin travmatologiya və ortopediya sahəsində də Türkiyə və Azərbaycan əməkdaşlığı xüsusi diqqət mərkəzindədir. İki gün davam edəcək bu İrəli Artroplastika Kursu, bir il əvvəl keçirilmiş “Təməl Ortopediya Kursu”nun davamı olaraq təşkil olunub. Kurs çərçivəsində Azərbaycan və Türkiyədən dəvət olunmuş bir çox professor və müəllimin iştirakı ilə artroplastika üzrə təcrübəli mütəxəssislər həm nəzəri, həm də praktiki biliklərini bölüşəcəklər. Dəyirmi masa müzakirələri və təqdimatlar şəklində keçiriləcək sessiyalar iştirakçılar üçün dəyərli təcrübə mübadiləsinə imkan yaradacaq.”

Tədbirdə “Qalça-Diz Artroplastika Dərnəyi”nin sədri, Prof. Dr. İbrahim Tunçay da çıxış edərək, tədbirin əhəmiyyəti və iki ölkə arasında tibbi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Toplantının sonunda Azərbaycan Tibb Universitetinin rəhbərliyi tərəfindən ölkəmizdə müasir travmatologiya və ortopediya elminin inkişafına və həkimlərin ixtisaslaşmasına verdikləri töhfələrə görə qonaq doktorlara təşəkkür plaketləri təqdim olunub.