Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının Lənkəran regional konfransı uğurla başa çatıb

20-21 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının (ASVXMA) növbəti regional konfransı Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində keçirilib

 Konfrans region həkimlərinin peşəkar biliklərinin artırılması və süd vəzi xəstəlikləri sahəsində elmi yeniliklərin müzakirəsi üçün önəmli platforma olub.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlanıb. Konfrans çərçivəsində tanınmış mütəxəssislər süd vəzi xəstəliklərinin diaqnostikası və müalicəsində müasir yanaşmalar barədə elmi məruzələr təqdim ediblər.

Assosiasiyanın sosial məsuliyyət təşəbbüsü olaraq Lənkəran Mərkəzi Xəstəxanasında ödənişsiz skrininq proqramı həyata keçirilib. Skrininq zamanı ehtiyac duyulan xəstələrdə tru-cut biopsiyalar aparılıb və nümunələr histoloji müayinə üçün Bakıya göndərilib. Bu addımla erkən diaqnostikanın vacibliyi bir daha vurğulanıb.

Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası regional konfransların və ödənişsiz skrininq proqramlarının digər rayonlarda da davam etdirilməsini, həmçinin səyyar mammoqrafiya aparatının istifadəyə verilməsini planlaşdırır.