Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları 25–27 sentyabr 2025-ci il tarixlərində keçirilmiş 27-ci Ulusal Elektron Mikroskopiya (EMK 2025) və 2-ci Beynəlxalq Mikroskopiya və Spektroskopiya Konqresində (MSC 2025) iştirak edərək universitetimizi layiqincə təmsil ediblər
Tədbirdə ATU-nun Patologiya kafedrasının dosenti, tibb elmləri doktoru Samirə Yaqubova, Sitologiya, embriologiya və histologiya kafedrasının baş müəllimləri, tibb üzrə fəlsəfə doktoru Aygün Əliyarbəyova və Təranə Nəcəfova rəsmi dəvətlə iştirak ediblər.
Universitetimizin əməkdaşları histologiya və patologiya sahəsində apardıqları tədqiqatların nəticələrini konqres iştirakçılarına həm şifahi, həm də poster təqdimatlarla çatdırıblar. Onların elmi çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanaraq, konqresin təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib və müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Türk Elektron Mikroskopiya Dərnəyinin təşəbbüsü və Prof. Dr. Türkan Erbenginin rəhbərliyi ilə hər il ənənəvi olaraq keçirilən bu mötəbər tədbir bu il İstanbul Acıbadem Mehmet Ali Aydınlar Universiteti Tibb Fakültəsinin Histologiya və Embriologiya Anabilim Dalının ev sahibliyində baş tutub.
Konqresdə 200-ə yaxın tezis qəbul olunmasına baxmayaraq, iştirakçı sayı 500-dən artıq olub. Konqres çərçivəsində 3 plenar təqdimat, 57 dəvətli məruzə, 110 şifahi təqdimat, 90-a yaxın poster təqdimatı, 21 paralel elmi sessiya və 10-dan çox texniki seminar təşkil olunUB. Həmçinin, müasir mikroskopik texnologiyalara həsr olunmuş 4 ixtisaslaşdırılmış təlim kursu da keçirilib. Tədbirdə yalnız Türkiyənin deyil, dünyanın müxtəlif ölkələrinin tanınmış alim və mütəxəssisləri iştirak edib.