“Refraktiv əməliyyat hər kəsə olmaz” – oftalmoloq Qurban İsmayılovdan xəbərdarlıq

Görməni bərpa edən əməliyyat: riskləri və üstünlükləri

Göz zəifliyi və lazer əməliyyatı: nəyi bilməliyik?

Müasir dövrdə, xüsusilə kompüter, telefon və digər rəqəmsal cihazlardan geniş istifadə nəticəsində görmə problemləri təkcə yaşlılarda deyil, gənclər arasında da sürətlə yayılmaqdadır. Uzağı və yaxını görmə zəifliyi, astiqmatizm, göz yorğunluğu artıq çoxlarının gündəlik həyatına təsir edir. Eynək və kontakt linza ənənəvi çıxış yolu olsa da, son illərdə bir çox insan daha rahat və qalıcı nəticə əldə etmək üçün refraktiv əməliyyatlara (görmə qüsurlarını aradan qaldıran, eynəkdən xilas edən) üstünlük verir.

Lakin mütəxəssislər xəbərdarlıq edir: refraktiv əməliyyat hər kəs üçün uyğun deyil – bir sıra  amillərə diqqət yetirmək lazımdır. Əks halda, risklər gözlənildiyindən də ciddi nəticələrə səbəb ola bilər. Bu haqda Azərbaycan Tibb Universitetinin Oftalmologiya şöbəsinin müdiri, professor Qurban İsmayılovun müsahibəsini təqdim edirik.

– Doktor, bilirik ki, göz əməliyyatlarının müxtəlif növləri var. Hər bir əməliyyatın gedişi və nəticəsi də fərqli ola bilir. Bəs oftalmologiyada çətin və riskli hesab edilən əməliyyatlar hansılardır və bu zaman əsas təhlükələr nələrdir?

– Son illərdə ən çox müraciət olunan əməliyyatlardan biri refraktiv əməliyyatlardır. Bu əməliyyatlar miopiya (uzağı görməmək), hipermetropiya (yaxını görməmək), astiqmatizm və bəzi hallarda presbiopiya (yaşa bağlı görmə zəifliyi) problemlərinin aradan qaldırılması üçün aparılır. Ən böyük üstünlüyü insanın eynək və linzadan asılılığını minimuma endirməsidir.

Adətən 18 yaşdan yuxarı şəxslərə icra olunur. Amma hər kəsə bu əməliyyatı etmək mümkün deyil. Burada çox ciddi tibbi şərtlər mövcuddur. Birinci şərt – buynuz qişanın qalınlığı və sağlamlığı ilə bağlıdır. Belə ki, əgər buynuz qişada çapıq, incəlmə və ya hər hansı xəstəlik varsa, əməliyyat aparılmır.
İkinci şərt – göz büllurunun şəffaflığı ilə əlaqədardır. Çünki bəzən uşaqlarda refraktiv anomaliyalar büllurla birgə inkişaf edir və əməliyyatdan sonra büllurun bulanıqlığı arta bilər.
 Nəhayət üçüncü vacib məsələ – tor qişanın (retinanın) vəziyyətidir. Əgər retinada degenerasiya, nazilmə, ləkələr və ya cırılma halları varsa, bu, əməliyyat zamanı görmənin ciddi şəkildə itirilməsi riskini yarada bilər.

– Bu risklərin arasında eləsi varmı ki, yalnız əməliyyat zamanı aşkarlansın?

– Əslində hər şey həkimin vicdanından və yanaşmasından asılıdır. Əgər oftalmoloq qarşısındakı insanı sadəcə “əməliyyat olunmalı xəstə” kimi görürsə, bu, çox təhlükəlidir. Həkim pasiyenti öz övladı qədər düşünməlidir. Əks halda hər 10–15 xəstədən birində görmə itkisi, tor qişada qopma, buynuz qişada deşilmə kimi ağır nəticələr ola bilər.

Buna görə də əməliyyata qədər tam müayinə mütləqdir. Əgər tor qişada problem aşkarlanarsa, hansısa dəlik və incəlmələr olarsa, əvvəlcə həmin sahələr lazer koaqulyasiyası ilə möhkəmləndirilir. Bu, bir növ göz dibində zəif yerlərin “tikilməsi” kimidir. Yalnız bundan bir ay sonra əsas refraktiv əməliyyat barədə düşünmək mümkündür.

– Bu lazerlə möhkəmləndirmə prosesi necə keçirilir? Pasiyent üçün çətinlik yaradırmı?

– Əsla. Bu, ağrısız və çox qısa – təxminən 15–20 dəqiqəlik prosedurdur. Xəstə elə həmin gün evə gedir, gündəlik həyatına davam edir. Nə iş qabiliyyətinə, nə də həyat tərzinə təsir göstərmir. Bu sadəcə risklərin aradan qaldırılması, yəni əsas əməliyyata hazırlıq mərhələsidir.

– Hazırda xəstələr ən çox hansı şikayətlərlə oftalmoloqlara müraciət edirlər?

– Müraciətlərin əksəriyyəti əsasən görmə zəifliyi ilə bağlıdır. İnsanlar uzağı və ya yaxını görə bilmədikdə, həmçinin astiqmatizm səbəbindən görüntü təhrif olunduqda bizə müraciət edirlər.

Əslində, bu gün görmə qüsurlarının əvvəlkindən daha çox olduğunu deməzdim. Sadəcə, hazırda müasir diaqnostik texnologiyalar geniş yayıldığı üçün bu xəstəliklər daha tez və asan aşkarlanır. Əvvəllər insanlar uzun müddət bu qüsurlarla yaşaya bilirdilər, indi isə erkən mərhələdə aşkarlanır və müalicə təklif olunur.