Azərbaycan Tibb Universitetinin (ATU) alimlərinin növbəti elmi uğuru beynəlxalq səviyyədə tanınıb
ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və həmin kafedranın dosenti Şəhla Məlikovanın müəllifliyi ilə hazırlanan “Factors predicting seizure control and delivery outcomes in women with epilepsy with planned and unplanned pregnancy” adlı elmi məqalə “Revue Neurologique” jurnalında dərc olunub.
“Revue Neurologique” jurnalı PubMed, Web of Science, Scopus, Embase və digər beynəlxalq elmi bazalarda indeksləşmiş, nevrologiya sahəsində dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri hesab olunur.
Məqalədə epilepsiyadan əziyyət çəkən hamilə qadınlarda hamiləliyin planlı və plansız gedişatında müxtəlif amillərin tutmaların nəzarətdə saxlanılmasına və doğuş nəticələrinə təsiri ətraflı şəkildə araşdırılıb, müqayisəli elmi təhlil aparılıb.
Professor A. Məmmədbəyli və dosent Ş. Məlikovanın apardığı tədqiqatların nəticələri son illərdə Acta Neurologica Belgica, Child’s Nervous System, Seizure: European Journal of Epilepsy kimi yüksək impakt faktorlu jurnallarda da dərc olunub. Bu məqalələrə nevrologiya sahəsində dünyanın aparıcı mütəxəssisləri tərəfindən çoxsaylı istinadlar edilib və ümumi sitat sayı 101-ə çatıb.
2024-cü ildə müəlliflərin növbəti elmi işi — “Clinical characteristics, seizure control, and delivery outcomes in pregnant women with focal and generalized epilepsies” adlı məqalə artıq ikinci dəfə “Seizure: European Journal of Epilepsy” jurnalında dərc edilib. Bu tədqiqatda hamilə qadınlarda epilepsiyanın klinik xüsusiyyətləri, eləcə də epilepsiyanın müxtəlif formalarının hamiləlik və doğuş nəticələrinə təsiri ilk dəfə olaraq ətraflı şəkildə araşdırılıb və elmi şəkildə əsaslandırılıb.
Bu nailiyyətlər ATU əməkdaşlarının beynəlxalq elmi məkanında tanınmasının və universitetin elmi potensialının yüksəkliyinin növbəti göstəricisidir.