Türk dövlətlərinin başçılarının təşəbbüsü ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi tibbdə də münbit zəmin yaradır
Artıq bir neçə tibbi sahədə bu formatda elmi-praktik tədbirlərin keçirilməsinə başlanılıb ki, bu da tibb cəmiyyətləri arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını və Türk Dövlətləri Təşkilatının sabit platforma kimi artan nüfuzunu göstərir.
Səhiyyə sahəsində perspektivli imkanlara bu ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək resursları və ixtisaslı işçi qüvvəsi daxildir. Bu çərçivədə yaxın günlərdə Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) 33-cü Konqresi və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi (AzOMFS) keçirilib.
Konqres zamanı Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin təşəbbüsü ilə Türk Dövlətləri Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətlərini təmsil edən nümayəndələr arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum türk dünyasının mütəxəssisləri arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli zəmin yaradacaq.
Memorandumu Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri, professor Çingiz Rəhimov, Türkiyə Ağız və Üz-Çənə Cərrahiyyəsi Dərnəyinin prezidenti, professor Mustafa Sancar Ataç, Özbəkistan Stomatoloji Assosoyasiyasının Ağız və Üz-Çənə Cərrahiyyəsi bölməsinin rəhbəri, professor Adham Xasanov və Qırğızıstan Stomatoloji Assosoyasiyasının Ağız və Üz-Çənə Cərrahiyyəsi bölməsinin rəhbəri, professor İlşat Yuldaşev imzalayıb.
Mərasimə onlayn olaraq Macarıstan Ağız və Üz-Çənə Cərrahiyyəsi Assosiasiyasının sədri, professor Kriztian Nagy və Qazaxıstan Ağız və Üz-Çənə Cərrahiyyəsi Assosiasiyasının sədri, professor Amangeldi Kuraşov da qatılıb.
Bu əməkdaşlıq türk xalqları arasında ağız və üz-çənə cərrahiyyəsi sahəsində peşəkar inteqrasiyanın gücləndirilməsi, qabaqcıl cərrahi texnologiyaların paylaşılması və ictimai sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş biliklərin artırılması baxımından mühüm addımdır.