Son zamanlar süd vəzi xəstəliklərinin ilkin diaqnostikasında mammoqrafiyanın rolu daha da önəmli mövzu olaraq gündəmə gəlib
Azərbaycan Tibb Universitetinin (ATU) radiologiya kafedrasının assistenti Günel Əliyeva Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının regional konfransında “Süd vəzi müayinəsində mammoqrafiyaya praktiki yanaşma” mövzusunda çıxış edərək, müasir mammoqrafik müayinə metodlarını və onların üstünlüklərini təqdim edib.
Günel Əliyeva qeyd edib ki, müasir mammoqrafiyada tamosintez, kontrastlı mammoqrafiya və ənənəvi 2D mammoqrafiya kimi müxtəlif metodlar istifadə olunur. Hər birinin öz spesifikliyi, üstünlükləri və çatışmazlıqları mövcuddur. Mütəxəssis vurğulayıb ki, müayinənin effektivliyi üçün alqoritmlərin düzgün qurulması vacibdir.
Müayinədə tətbiq olunan əsas alqoritmlər – yaş alqoritmi, skrininq alqoritmi və diaqnostik alqoritm – süd vəzi xəstəliklərinin erkən aşkarlanmasında həlledici rol oynayır. Yaş alqoritminə görə, 35-40 yaş arasında risk faktorları olan qadınlarda, 40 yaşdan sonra isə sağlam qadınlarda müayinə başlanmalı və 1-2 ildə təkrarlanmalıdır. Skrininq alqoritmi simptomsuz qadınlarda dövri yoxlamaların necə aparılacağını müəyyən edir. Diaqnostik alqoritm isə xəstəlik əlamətləri aşkarlandıqda əlavə müayinələrin aparılmasını nəzərdə tutur.
Radioloqların xəstələrə məlumat verməsi mövzusu da müzakirə olunub. G. Əliyeva bildirir ki, radioloqun nəticələrinin düzgünlüyü onun təcrübəsindən asılıdır və radioloqun qoyduğu diaqnoz histoloji analizlərlə təsdiqlənərsə, bu, onun peşəkarlığını göstərir. Eyni zamanda, multidisiplinar yanaşma vacibdir — cərrah, onkoloq və radioloq birgə işləyərək xəstənin müalicə planını müəyyənləşdirməlidirlər.
Belə yanaşmalar süd vəzi xəstəliklərinin erkən diaqnostikası və effektiv müalicəsi üçün əhəmiyyətlidir.