Qazaxıstanlı professor ATU-da mühazirələr oxuyub

Akademik mobillik proqramı çərçivəsində Azərbaycan Tibb Universiteti (ATU) Qərbi Qazaxıstan Tibb Universitetinin (Marat Ospanov adına) Patoloji Fiziologiya kafedrasının müdiri, tibb elmləri namizədi, dosent Ajar Jeksenovanı qəbul edib

13–17 oktyabr 2025-ci il tarixlərində professor Ajar Jeksenova Azərbaycan Tibb Universitetinin Patoloji Fiziologiya kafedrasında tələbələr üçün əyani formatda mühazirələr oxuyub və praktiki məşğələlər aparıb.

Mühazirələrin ilk günündə ATU-nun Patoloji Fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev qonağı salamlayaraq onu universitet adından səmimi qarşılayıb. Professor Ajar Jeksenovanın universitetdə tədris aparmasının hər iki tərəf üçün faydalı təcrübə mübadiləsi olacağını vurğulayıb və ona uğurlar arzulayıb.

Səfərin sonunda professor Sabir Əliyev tərəfindən dosent Ajar Jeksenovaya sertifikat təqdim olunub.

Bu təşəbbüs beynəlxalq akademik əməkdaşlığın möhkəmləndirilməsinə və tədris prosesində qarşılıqlı təcrübə mübadiləsinin inkişafına xidmət edir.