ATU əməkdaşı Almaniyada beynəlxalq media seminarında ölkəmizi təmsil edib

Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Arzu Rəcəbova 6–16 oktyabr tarixlərində Almaniyanın Leypsiq şəhərində keçirilən "Mərkəzi və Şərqi Avropa Jurnalistləri üçün Seminar"da (Mittel- und Osteuropäische Journalisten Seminar) uğurla iştirak edib. Tədbir Saksoniya Media Təhsili Fondu (Sächsische Stiftung für Medienausbildung) tərəfindən təşkil olunub.

Təlim proqramı çərçivəsində iştirakçılar Almaniyanın televiziya və radio yayımı, çap və onlayn media sistemləri ilə bağlı ətraflı məlumat alıblar, media qurumlarının gündəlik fəaliyyət prosesi ilə yerində tanış olublar.

10 gün davam edən seminar müddətində tanınmış alman jurnalistləri, media ekspertləri və ictimai xadimlərlə interaktiv görüşlər keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Rusiya, Estoniya, Gürcüstan, Ukrayna, Albaniya, Slovakiya, Polşa, Çexiya və Bolqarıstandan olan jurnalistlər də iştirak ediblər.

Seminar çərçivəsində iştirakçılar üçün Berlin, Erfurt və Kemnits şəhərlərinə səfərlər təşkil olunub, onlar Almaniyanın mədəniyyət və tarixini əks etdirən muzeyləri ziyarət edib və müxtəlif mədəni tədbirlərdə iştirak ediblər.

Qeyd edək ki, seminarın əsas məqsədi beynəlxalq jurnalistlər arasında şəbəkələşməni gücləndirmək, media sahəsində ölkələrarası əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsinə şərait yaratmaqdır.