Oktyabrın 21-də Azərbaycan Tibb Universitetində “Əczaçılar Klubu” İctimai Birliyi və Əczaçılıq fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçı Gününə həsr edilmiş respublika əczaçılarının VI ümumrespublika konfransı keçirilib
Tədbirdə ölkənin səhiyyə və əczaçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislər, alimlər, sahibkarlar, tələbələr və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.
Dövlət Himnimiz səsləndirildikdən sonra “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatov açılış nitqi ilə çıxış edərək rəhbəri olduğu ictimai birliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Əczaçılıq sektorunun inkişafının vacibliyini söyləyən Şövqi Bünyatov, bu sahədəki bəzi problemlərə, xüsusən dərman təhlükəsizliyinə və qeyri-leqal fəaliyyətlərə qarşı mübarizənin vacibliyinə də toxunub.
Həmçinin rəhbərlik etdiyi ictimai birliyin hər zaman əczaçıların hüquqlarını müdafiə etməyə hazır olduğunu, dövlət qurumları ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycan əczaçılığının gələcəkdə regional liderə çevriləcəyinə inandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli ilk növbədə konfrans iştirakçılarına rektor, professor Gəray Gəraybəylinin və özünün səmimi təbriklərini çatdırıb: “Hörmətli qonaqlar, dəyərli həmkarlar, əziz tələbələr və gələcəyin əczaçıları, sizi VI Ümumrespublika Əczaçılar Konfransında salamlamaqdan böyük şərəf və qürur duyuram. Xüsusilə də bu tədbirin mənim üçün doğma olan Azərbaycan Tibb Universitetinin divarları arasında keçirilməsi ikiqat sevinc və qürur hissidir”.
Çıxışında əczaçılıq peşəsinin mahiyyətindən danışan natiq bildirib ki, əczaçı təkcə dərman hazırlayan mütəxəssis deyil, həm də elmin, vicdanın və insan sevgisinin daşıyıcısıdır: “Əczaçı elmlə insan arasında körpü rolunu oynayır, ağrını yüngülləşdirir, ümidi bərpa edir. O, bir molekulu ümidə, bir formulu sağlamlığa çevirən və elmi biliklə insan taleyini gələcəyə aparan şəxsdir”.
Çıxışının sonunda “Əczaçılar Klubu”nun təsisçilərinə, tədbirin iştirakçılarına və əczaçı tələbələrə bu şərəfli işdə uğurlar arzulayan F. Mədətli qeyd edib ki, bu gün əczaçılıq elmi sürətlə inkişaf edir – biotexnologiyalar, rəqəmsal səhiyyə, ünvanlı dərmanlar, süni intellekt artıq gələcəyin deyil, bu günün reallıqlarıdır. Lakin bütün bu yeniliklər içərisində dəyişməyən əsas dəyər – insan sağlamlığına xidmət missiyasıdır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Emil Hüseynli, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) başqanı Rəşad Cabirli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Elmin Quliyev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Validə Sadıxova və digərləri Beynəlxalq Əczaçılar Günü, əczaçılıq peşəsi haqqında fikirlərini bölüşüblər. Çıxışçılar eləcə də “Əczaçılar Klubu” İctimai Birliyinin fəaliyyətinə uğurlar diləyiblər.
Tədbirin sonunda əczaçılıq sahəsində xüsusi xidmətləri ilə seçilən müəssisələrin nümayəndələrinə “Əczaçılar Klubu” İctimai Birliyinin təşəkkürnamələri təqdim olunub.