Qulaq-Burun-Boğaz kafedrası Özbəkistanda Otorinolarinqologiya Qurultayında uğurla təmsil olunub

Bu günlərdə Özbəkistanda keçirilən Otorinolarinqoloqların VI Qurultayı və Otorinolarinqologiya üzrə II Asiya Sammitində Azərbaycan Tibb Universitetinin (ATU) Qulaq, Burun və Boğaz (QBB) kafedrasının əməkdaşları yüksək səviyyədə iştirak ediblər

Kafedra müdiri, professor Vəfa Pənahian qurultayda “Müharibə dövründə kəllə travmaları zamanı timpanoplastikanın xüsusiyyətləri” və “Mastoidoektomiya zamanı fasial parezlərin səbəbləri” mövzularında məruzə ilə çıxış edərək, müasir klinik praktikada mühüm yenilikləri və təcrübəsini bölüşüb. Onun təqdimatları beynəlxalq mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə kafedranın digər əməkdaşları — assistentlər Şadlinskaya Afaq, Sucəddinova Aynurə, dosent Ağalar Sara və baş laborant Eyvazova Jalə də iştirak edərək, elmi sessiyalarda aktiv şəkildə iştirak edib və təcrübə mübadiləsi aparıblar.

ATU nümayəndələrinin bu tədbirdə iştirakı beynəlxalq elmi əlaqələrin möhkəmlənməsi və ölkəmizin tibb elminin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu kimi forumlar həm yerli, həm də beynəlxalq səviyyədə otorinolarinqologiya sahəsində yeni tədqiqatların və klinik yeniliklərin tətbiqinə zəmin yaradır.