Azərbaycanın bioetika sahəsində təcrübəsi Avrasiya Konqresində yüksək qiymətləndirilib

Ötən həftə Özbəkistanın Buxara şəhərində Avrasiya Uşaq Həkimləri Federasiyasının təşəbbüsü ilə “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XII Avrasiya Uşaq Həkimləri Konqresi keçirilib.

Forumda Rusiya, Belarus, Çin, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Moldova və digər ölkələrdən ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin əməkdaşları, ali təhsil ocaqlarının professor-müəllim heyəti, pediatrlar, uşaq cərrahları, allerqoloq-immunoloqlar, səhiyyə təşkilatçıları, eləcə də məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışan həkimlər iştirak ediblər.

Ölkəmizi konqresdə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə təmsil edib. O, açılış mərasimində ölkəmizdə tibbi bioetikanın inkişafı və onun tibb təhsilinə inteqrasiyası barədə danışıb.

Təranə xanım qeyd edib ki, bioetika Azərbaycanda tibb sahəsində getdikcə daha böyük önəm qazanır və xüsusilə uşaq sağlamlığı kimi həssas sahələrdə qərarların düzgün verilməsi üçün tibb işçilərinin etik biliklərinin artırılması vacibdir.

Azərbaycan Pediatrlar Assosiasiyası son illərdə bioetikanın tibb təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atıb. Assosiasiya mütəxəssisləri tədris proqramlarının hazırlanması, metodik vəsaitlər və dərsliklərin yaradılmasında fəal iştirak edir. Bundan başqa, gənc pediatrlar və rezidentlər üçün bioetika üzrə ixtisaslaşmış seminarlar təşkil olunur.

O, çıxışında vurğulayıb ki, həkim yalnız diaqnoz qoyan deyil, həm də etik qərar verən şəxsdir və bu, uşaq pasiyentlərə münasibətdə qərarvermə qabiliyyəti olmayan şəxslərlə işləyərkən xüsusi məsuliyyət tələb edir. Buna görə də etik biliklərin tibb təhsilinin ayrılmaz hissəsi olması zəruridir.

Konqresdə, həmçinin ölkəmizdən digər mütəxəssislər İnarə Makayeva və Həmidə Abbasova da məruzələrlə çıxış edərək uşaq sağlamlığının qorunması, profilaktika və kompleks yanaşma mövzularında fikir mübadiləsi aparıblar.

Azərbaycan Pediatrlar Assosiasiyasının həmtəşkilatçısı olduğu bu konqresdə fəal iştirakına görə Təranə Tağızadəyə təşəkkür məktubu təqdim olunub.

Qeyd edək ki, ötən il Avrasiya Uşaq Həkimləri Federasiyası və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə XI Avrasiya Uşaq Həkimləri Konqresi Bakı şəhərində keçirilib və 600-dən çox iştirakçını bir araya gətirib.