Tələbələrimiz “Clinix” startapını təqdim ediblər

Azərbaycan Tibb Universitetində (ATU) II Müalicə-profilaktika fakültəsinin tələbələri Leyla Məmmədova və Aytən Hüseynzadə tərəfindən “Clinix: İnnovativ səhiyyəyə gedən yol” adlı təlim keçirilib. Tədbir ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşkilatçılığı ilə baş tutub.

 Təlimin əsas məqsədi tələbələr tərəfindən yaradılmış Clinix startap layihəsini təqdim etmək və komanda üçün yeni üzvlər cəlb etmək olub. Tədbir zamanı layihənin səhiyyə sahəsində innovasiyaların inkişafına töhfəsi və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verilib.

 Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya Mərkəzinin Layihə İdarəçiliyi Departamentinin direktor müavini Zinəddin Babayev, layihə meneceri Nərmin Kərimova, ATU-nun startap koordinatoru, dosent Ayət Cəfərova, fakültə dekan müavini Bənövşə Hüseynova və universitetin startap mentorları iştirak ediblər.

 Təlimdə iştirakçılar Clinix layihəsinin məqsədləri, gələcək inkişaf mərhələləri və səhiyyə sahəsində tətbiq imkanları barədə məlumatlandırılıb, həmçinin tələbələrin sualları cavablandırılıb.

 Tədbirin sonunda Clinix startapının təsisçiləri Aytən Hüseynzadə və Leyla Məmmədova “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin 4-cü Tusi İnkubasiya Proqramını uğurla başa vurduqlarına görə sertifikatla təltif olunublar.