Azərbaycan Tibb Universitetinin (ATU) tədris işləri üzrə prorektoru professor Anar Ağayev Hərbi Tibb fakültəsini ziyarət edib. Səfərin məqsədi fakültədə tədris prosesinin təşkili, tələbələrin hazırlıq səviyyəsi və təlim-tədris şəraitinin mövcud vəziyyəti ilə yerində tanış olmaq olub.
Ziyarət zamanı prorektor fakültənin auditoriyalarında və laboratoriyalarında keçirilən dərs prosesini izləyib, professor-müəllim heyətinin və tələbələrin fəaliyyətini yaxından müşahidə edib. O, fakültənin rəhbərliyi və müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, praktiki məşğələlərin səmərəliliyinin yüksəldilməsi, həmçinin müasir tədris metodlarının tətbiqi istiqamətində fikir mübadiləsi aparıb.
Bu il ilk dəfə olaraq Hərbi Tibb fakültəsinə xanım tələbələr qəbul olunub. Ziyarət zamanı prorektor Anar Ağayev xanım kursantlarla da görüşərək onların tədrisə münasibəti, təlim şəraiti və gələcək planları ilə maraqlanıb. Fakültə rəhbərliyi qadın tələbələrin hərbi-tibbi təhsilə cəlb olunmasını əhəmiyyətli addım kimi qiymətləndirərək, onların uğurlu fəaliyyəti üçün bütün zəruri şəraitin yaradıldığını bildirib.
Prorektor Anar Ağayev çıxışı zamanı qeyd edib ki,“Hərbi Tibb fakültəsi Azərbaycan Tibb Universitetinin strateji fakültələrindən biridir. Burada təhsil alan tələbələr gələcəkdə həm tibb, həm də hərbi xidmət sahəsində ölkəmizə yüksək səviyyədə xidmət göstərəcək mütəxəssislər kimi formalaşırlar. Universitet rəhbərliyi bu istiqamətdə tədris bazasının və elmi potensialın daha da gücləndirilməsini prioritet məsələ kimi dəyərləndirir.”
Hərbi Tibb fakültəsinin dekanı, polkovnik Məharət Rzayev isə bildirib ki, “Prorektor Anar Ağayevin fakültəmizə səfəri və tədris prosesinə göstərdiyi diqqət bizim üçün böyük stimul oldu. Bu dəstək həm müəllimlərimizin, həm də tələbələrimizin daha yüksək səviyyədə fəaliyyət göstərməsinə əlavə motivasiya verir.”
Qeyd edək ki, ATU-nun Hərbi Tibb fakültəsi 2000-ci ildən fəaliyyət göstərir. Fakültə hərbi həkim və feldşer ixtisasları üzrə kadr hazırlığını həyata keçirir. Burada tələbələr həm tibbi, həm də hərbi fənlər üzrə nəzəri və praktiki biliklər qazanır, müasir tədris avadanlıqları ilə təmin edilmiş laboratoriyalarda təcrübə keçirirlər. Fakültənin məzunları hazırda Azərbaycan Ordusunun, Müdafiə və Daxili İşlər nazirliklərinin tibb xidmətlərində uğurla fəaliyyət göstərirlər.