Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları “İnfeksiyaya nəzarətdə yeni dövr – Texnologiya və Komanda İşi” adlı tədbirdə iştirak ediblər. Tədbir TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) dəstəyi və Azərbaycan Təlim və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Yeni Klinikada, Beynəlxalq İnfeksiyaların Profilaktikası və Nəzarəti (İPN) Həftəsi çərçivəsində baş tutub.
Tədbirdə ATU-nun Epidemiologiya və Biostatistika kafedrasının baş müəllimi Leyla Əhmədzadə, assistent Azər Rəşidov, eləcə də İnfeksiyanın Profilaktikası və Nəzarət kursunun magistrləri Səbinə Yusif və Ruslan Mikayılov iştirak ediblər.
Məruzəçilər arasında çıxış edən t.ü.f.d. Azər Rəşidov “Təhlükəsizlik mədəniyyətinin inkişafı: Mükəmməl infeksion profilaktika və infeksiyalara nəzarət” mövzusunda təqdimatla çıxış edib. O, beynəlxalq İPN təcrübəsindən danışaraq, İPN xidmətinin təşkili, təlimlərin keçirilməsi, alovlanmaların idarə olunması, çoxdərmanlara rezistent mikroorqanizmlərlə mübarizə üsulları, rəqəmsal texnologiyaların tətbiqi və komanda işinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin TƏBİB-in Tibbi Xidmətlərin İnkişafı Departamentinin rəhbəri Yaqub Qarayev, Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili şöbəsinin müdiri Nilufər Məmmədova, TƏBİB-ə tabe tibb müəssisələrinin İPN üzrə məsul şəxsləri və müxtəlif sahələrdən ekspertlər iştirak ediblər.
Görüşün sonunda iştirakçılar arasında geniş müzakirələr aparılıb, gələcəkdə tibb müəssisələrində İPN sisteminin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və elmi-praktiki tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Qeyd edək ki, hər il oktyabr ayının üçüncü həftəsi dünyada Beynəlxalq İnfeksiyaların Profilaktikası və İnfeksiya Nəzarəti (İPİN) Həftəsi kimi qeyd olunur.