ATU-da maarifləndirici tədbir- “Azad Mirzəcanzadə inkişaf proqramı"

Oktyabrın 24-də Azərbaycan Tibb Universitetində (ATU) “Azad Mirzəcanzadə inkişaf proqramı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Gənclərin yaradıcı potensialının üzə çıxarılması və innovativ ideyalarının dəstəklənməsi məqsədilə keçirilən tədbiri ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açaraq qeyd edib ki, belə layihələr gənclərin elmi və praktiki bacarıqlarının inkişafına böyük töhfə verir. Prorektor dünya şöhrətli azərbaycanlı alim, akademik Azad Mirzəcanzadənin adı ilə bağlı bu proqramın tibb tələbələri üçün də faydalı olacağına əminliyini vurğulayıb.

Bundan sonra proqramın layihə meneceri İradə Zeynalova çıxış edərək proqramın məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, “Azad Mirzəcanzadə inkişaf proqramı” gənclərin yaradıcı və elmi potensialını üzə çıxarmaq, onların innovativ layihələrini dəstəkləmək və peşəkar inkişafını təmin etmək baxımından əhəmiyyətlidir. O, həmçinin proqramın adını daşıyan görkəmli alim, texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadənin həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, akademik Mirzəcanzadə 500-ə yaxın elmi məqalənin və 50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə doktoru və 100-dən artıq elmlər doktoru hazırlanıb. O, iki dəfə Azərbaycan Dövlət Mükafatına, üç dəfə isə akademik İ.M. Qubkin adına mükafata layiq görülüb və “İstiqlal” ordeni ilə təltif edilib.

İradə Zeynalova çıxışının davamında proqrama qoşulma şərtlərini, seçim mərhələlərini və layihə qaliblərinin adlarını diqqətə çatdırıb.

Qaliblər arasında yer alan “Sərhədsiz Gənc” adlı layihənin müəllifi Gülşən Səfərova layihəyə necə qoşulduğunu, ideyasının formalaşma prosesini və proqramın gənclərin elmi və fərdi inkişafına verəcəyi töhfələr barədə öz fikirlərini və şəxsi təcrübəsini iştirakçılarla bölüşüb.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli də tədbirdə çıxış edərək Azad Mirzəcanzadənin böyükmiqyaslı, geniş dünyagörüşə malik və uzaqgörən alim olduğunu bildirib. Onu da vurğulayıb ki, belə bir görkəmli şəxsiyyətin adını daşıyan inkişaf proqramında iştirak etmək gənclər üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Dekan tələbələri və gənc mütəxəssisləri layihədə fəal iştirak etməyə çağırıb.

Tədbirin sonunda tibb tələbələrinin təqdim edə biləcəyi layihələrə dair fikir mübadiləsi aparılıb və iştirakçıların proqramla bağlı sualları cavablandırılıb.